Fuad İbrahimov:“Neftin qiyməti qalxsa da, ensə də, Azərbaycan iqtisadiyyatı buna elastik reaksiya vermək gücündədir”
“Hökumətin əlində kifayət qədər ciddi vasitələr var ki, əhalinin strateji, vacib hesab etdiyi məhsulların qiymətində artımın qarşısını alsın”
“Əhali arasında süni yaradılmış təşviş, panika heç bir ölçü vahidi ilə ölçülmür”.
Bunu “Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
Ekspert vurğulayıb ki, dünyanın maliyyə və əmtəə birjalarında baş verən proseslər istər-istəməz insanlarda yersiz narahatlıq yaradır:
“İnsanlar yayılan şayiələrdən təşvişə düşüblər. Xeyli adam dollar üçün banklara üz tutub. Vətəndaşlar öz vəziyyətlərini düzgün qiymətləndirmədən əllərindəki manatı dollara çevirmək üçün sanki yarışa girirlər. Anlamırlar ki, sabah dolları xərcləmək qərarına gələndə onu daha ucuz qiymətə banklara təhvil verə bilərlər. Əhalini bankara sövq edən əsas amillər neftin qiyməti ilə bağlı yayılan informasiyalar və əvvəllər gündəmə gəlmiş problemli kredit məsələsidir. Hazırda cəmiyyətdə dedi-qodu havası hökm sürür”.
İqtisadçının sözlərinə görə, neftin qiyməti qalxsa da, ensə də, Azərbaycan iqtisadiyyatı buna elastik reaksiya vermək gücündədir:
“Neftin qiymətində ciddi dəyişiklik baş verərsə, büdcə xərclərinə yenidən baxıla bilər. Ancaq qiymətinin ucuzlaşması narahatlıq yaratmamalıdır. Hökumətin əlində kifayət qədər ciddi vasitələr var ki, əhalinin strateji, vacib hesab etdiyi məhsulların qiymətində artımın qarşısını alsın. Hazırda ölkə vətəndaşlarının ən başlıca istəyi odur ki, istehlak etdiyi məhsulların qiymətində kəskin bahalaşma müşahidə edilməsin. Dövlət də bunu təmin edir. Ona görə də əhali arasında əsassız panika yaratmaq mənasızdır”.