“Manat sabit qalacaq” – Sabiq maliyyə naziri

“Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini endirməsi dünyada müşahidə olunan risklərin Amerika iqtisadiyyatına mənfi təsirini aradan qaldırmaq üçün atılan addımdır”. 
Bunu “Sherg.az”a açıqlamasında keçmiş maliyyə naziri, tanınmış iqtisadçı, professor Fikrət Yusifov deyib. 
Professor bildirib ki, bu addım ilk növbədə yerli iqtisadiyyatın və sabitliyin təmin olunmasına xidmət edir: 



“Təbii ki, ABŞ dollarının uçot dərəcəsənin dəyişməsi digər ölkələrin valyutalarına bu və ya digər formada təsir edir. Ancaq bu dəyişim ilk növbədə tam üzən məzənnədə olan valyutalara daha çox təsir göstərir. O baxımdan FES-in uçot dərəcəsinin aşağı düşməsinin Azərbaycan manatına təsir edəcəyi, manatın möhkəmlənəcəyi ilə bağlı fikirlər əsassızdır. Bizdə manat necə sabitdirsə, elə də qalacaq”. 

İqtisadçının sözlərinə görə, neftin qiyməti hələlik ucuzlaşmağa doğru meyillidir: 

“Qiymət aradabir qalxsa da, yenidən ucuzlaşır. Ümumiyyətlə, neftin qiyməti, səhm bazarlarında qiymətli kağızlar və digər qiymətlər koronavirusun peyvəndi tapıldıqdan sonra sabitləşəcək. Peyvəndlərin tapılması barədə məlumatlar yayılandan sonra bütün bazarlarda sakitlik və sabitlik əmələ gələcək. Bundan sonra aşağıdüşmə meyillərinin qarşısı alınmış olacaq. Lakin bunun nə vaxt olacağını proqnozlaşdırmaq çətindir. Çünki hələlik peyvənd yoxdur və proseslər əks istiqamətdə gedir”. 

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Bankı səlahiyyətlərini icra edən Federal Ehtiyat Sistemi (FES) koronavirus səbəbindən yarana biləcək risklərlə mübarizə üçün baza faiz dərəcəsini, demək olar ki, sıfıra endirib. Bu barədə Açıq Bazarlarda Əməliyyat üzrə Federal Komitənin yaydığı açıqlamada bildirilib: “Koronavirusun fəsadları qısa müddətdə iqtisadi fəallığa təsir göstərəcək və bu, iqtisadi perspektivlər üçün təhlükə yaradır.

Hadisələrin belə inkişaf etməsi fonunda komitə federal fond dərəcəsinin hədəf səviyyəsini 0-0,25 faizə endirmək qərarına gəlib”. ABŞ prezidenti Tramp bu addımı alqışlayıb: “Mən bu qərarına görə FES-i təbrik edirəm. Bu, ölkəmiz üçün çox gözəl qərardır”.