“Sosial rifahı qorumaq üçün hökumət işçilərə dəstək göstərir” - İqtisadçı


“Amma yaradılan imkanlar daha çox qeyri-neft və qeyri-dövlət sahələrini əhatə edir”


Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibə verib.


İqtisadi sabitliyi qorumaq məqsədilə 9 paketin hazırlandığını deyən nazir qeyd edib ki, 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək:

“Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir”.

Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Ruslan Atakişiyevin fikrincə, bu, heç də bütün sahələrə aid edilmir: “Əlbəttə, müəssisələrin fəaliyyətinin məhdudlaşdılması ilə bağlı olaraq gəlirlilik aşağı düşüb. Ona görə sahibkarlar işçiləri ixtisar etməyə çalışırlar. Dövlət başçısı isə indiki çətin vəziyyətdə belə bir hala yol verməmələri üçün sahibkarlara müraciət edib. Bununla bərabər, sosial rifahı qorumaq üçün hökumət işçilərə dəstək olur. Amma yaradılan imkanlar daha çox qeyri-neft və qeyri-dövlət sahələrini əhatə edir. Əgər koronavirus pandemiyası uzun çəksə, yəqin ki, digər sahələrdə çalışanlar da dövlətin bu dəstəyindən yararlanacaqlar”.