Bahalaşma, yoxsa süni qiymət artımı ? – EKSPERTDƏN İZAH

“Azərbaycanda qiymət artımına heç bir zəmin yoxdur. Dövlətimiz süni qiymət artımına qarşı ciddi mübarizə aparır”

Koronavirus pandemiyasının ölkə gündəmini zəbt etməsi hər kəsə məlumdur.  Lakin hazırda ən çox müzakirə olunan məqamlardan biri bəzi məhsulların kəskin bahalaşmasıdır. İlk öncə sarımsağın, sonra isə maskaların qiymətində süni artımlar oldu. Hətta əvvəlki qiymətlə indiki qiymət arasında nəzərəçarpacaq qədər fərq var dəsək, yanılmarıq. Hər gün 5 qəpik də olsa, bahalaşma qeydə alınır.

Son günlər zəncəfilin qiymətinin də maksimum bahalaşdığı məlum olub. Sosial şəbəkələrdə şok görüntülər yayılıb. Həmin fotolarda zəncəfilin 1 kiloqramının 45 manat olduğu əks olunub. Hazırkı vəziyyətdə bu bahalaşmanın nə dərəcədə düzgün olması isə sual altındadır.

İqtisadçi-ekspert Pərviz Heydərov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda qiymət artımına heç bir zəmin yoxdur. 
Ekspertin sözlərinə görə, hazırda mövcud vəziyyətlə əlaqədar demək olar ki, bütün sahələrdə iqtisadi fəallıq aşağı enib:

“Sahibkarlıq fəaliyyəti, restoran, kafe, turizim, xidmət sektoru tamamilə fəaliyyətini dayandırıb. Belə bir halda qiymət artımı üçün ortada heç bir zəmin yoxdur. Tələb aşağı endiyi, təklif də mövcud olmadığı üçün indiki iqtisadi duruma heç vaxt rast gəlməmişik. Belə vəziyyət  bütün dünya ölkələrində var. Bu da dövlətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Amma ölkəmizdə heç bir ərzaq qıtlığından söhbət gedə bilməz”. 

Süni qiymət artımı ilə bağlı tendensiyalara gəldikdə iqtisadçı təəssüflə qeyd edib ki, belə hallara hər dəfə rast gəlinir:

“Dövlətimiz də süni qiymət artımına qarşı ciddi mübarizə aparır. Hər dəfə bu və ya digər fors-major halları yarandıqda bir çoxları mövcud durumdan öz məqsədləri üçün istifadə edərək əlavə qazanc əldə etməyə cəhd göstərirlər. Təəssüf ki, pandemiya zamanı da belə hallara rast gəldik. Məsələn, apteklərdə maskaların, tibbi spirtin çatışmazlığını tələbin artması ilə əlaqələndirmək düzdün deyil. Bir qrup şəxslər daha asan qazanc əldə etmək istəyirlər. Dövlət başçımız da maskalar və tibbi spirtlə bağlı müsahibəsində qeyd etdi ki, süni qiymət artımı edən şəxslərə qarşı ölçülər götürüləcək. Bu da müvafiq sturukturlar tərəfindən həyata keçirilməkdədir. Tibbi maskaların istifadəsi ilə bağlı dövlət əlavə tədbirlər görür. Təəssüf ki, bütün bunlara rəğmən yenə də neqativ hallara rast gəlirik. Görünür, hələ ki, cəmiyyət mənfi amillərdən xilas olmaq iqtidarında deyil. Amma süni qiymət artımı təkcə Azərbaycanda müşahidə olunmur”.