Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanat yayıb. ABA-nın Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılır.
"APA-Economics" bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) bəyanatına istinadən xəbər verir.
Bəyanatda deyilir ki, istifadə müddətinin uzadılması bir tərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.
Qeyd edək ki, ABA bu bəyanatla ölkə rəhbərliyi tərəfindən Azərbaycanda əhalinin sağlamlığının qorunmasının priortet vəzifə elan edilməsini, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq davamlı yenilənən qərarlarını rəhbər tutaraq və uyğun olaraq bankların filial və şöbələrində vətəndaşlarla banklar arasında fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq çıxış edib.