“Əsas istiqamət vətəndaşların sosial rifahının təminatıdır" - Deputat

Arzu Nağıyev:“İşsiz və günəmuzd işləyənlər aprel-may aylarında müavinətlə təmin ediləcəklər”



“Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır”. Bunu Prezident İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında bildirib. Ölkə rəhbəri vurğulayıb ki, koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir. Ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb: “Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılması nəzərdə tutulurdu. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi.

Ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun. Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər”. 

Dövlət başçısı vurğulayıb ki, tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi də nəzərə alınır: “2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun”.



Prezidentin vurğuladığı məqamı “Sherg.az”a dəyərləndirən millət vəkili Arzu Nağıyev bildirib ki, dövlət başçısı öz çıxışında bütün kateqoriyalara toxundu. 
Deputat bəyan edib ki, Prezident günəmuzd işləyən fəhlələrin, heç bir əmək müqaviləsi olmayan şəxslərin də maraqlarının təmin edilməsi istiqamətində müvafiq addımların atıldığını vurğuladı: 

“Artıq İqtisadiyyat Nazirliyinə bununla bağlı göstəriş verilib. Göstərişin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan vətəndaşının rifahı naminə bütün addımlar atılmalıdır. Vətəndaşların hansı mexanizmlə, hara müraciət etməsi məsələsi də artıq həllini tapıb. Müraciətlərin müvafiq strukturlara edilməsi ilə bağlı tapşırıqlar verilib. İşsiz və günəmuzd işləyən vətəndaşlarımız verilən təlimatlar əsasında öz müraciətlərini edə bilərlər. Qeydiyyata alındıqdan sonra aprel-may ayları üçün onların bütün müavinətləri təmin ediləcək. Məhz cənab Prezidentin apardığı siyasətin əsas istiqaməti müstəqilliyin qorunması və eyni zamanda hər bir vətəndaşın sosial rifahının təmin olunmasıdır”.