Əkrəm Həsənov: “İndiki pandemiya şəraitində süni qiymət artımına imkan yaratmamalıyıq”
“Dövlət strateji əhəmiyyətli malların, ərzaqların qiymətinə mütləq müdaxilə etməli, onların bahalaşmasına imkan verməməlidir”.
Bunu “Sherg.az”a iqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.
İqtisadçı bildirib ki, bu cür hallarda dövlətin müdaxiləsi hər zaman olmalıdır:
“Bütün dünyada bu praktika var. Xüsusən, indiki edidemiya vəziyyətində strateji ərzaq məhsullarının qiymətinin yüksəlməsinə imkan vermək olmaz. Sadəcə problem ondadır ki, bizim qanunvericiliyimizin müvafiq hissəsi Qərbin liberal bazar iqtisadiyyatının mifləri üzərində qurulub. Ona görə də indiki halda qanunverciliyimiz qiymətlərə birbaşa müdaxiləyə imkan vermir. Yaxşı olar ki, parlamentdə bu məsələyə baxılsın, qanun qəbul edilsin və ondan sonra Nazirlər Kabinetinə səlahiyyət verilsin. Elə məhsullar var ki, onların qiymətini özbaşına qaldırmaq yolverilməzdir. Ələlxüsus, indiki pandemiya şəraitində süni qiymət artımına imkan yaratmamalıyıq”.
Ekspertə görə, bu məsələdə də ifrata varmamaq lazımdır:
“Qəbul olunmuş qanun sadəcə əhəmiyyət kəsb edən strateji mallara tətbiq olunmalıdır. Yəni kartof və soğanın qiymətləri üçün xüsusi qanuna ehtiyac yoxdur. Digər məqam isə odur ki, bizdə əksər məhsulun istehsalında və satışında rəqabət yoxdur. Əgər rəqabət olsaydı, həmin malların qiymətini süni şəkildə artırmaq mümkün olmazdı. Əksinə, məhsulunun daha çox satılmasını istəyən şirkət ucuz qiymətə əhaliyə təklif edərdi”.