“Koronavirus pandemiyasının geniş yayılmamasına qarşı ən qətiyyətli addımları Azərbaycan atdı”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə bir ilkə imza atıldı və növbəti Azərbaycan nümunəsi ortaya qoyuldu:
“Son günlərin statistikası söyləməyə əsas verir ki, bu bəladan qurtulmağımıza çox az qalıb, bunu da çox yaxın günlərdə birlikdə dəf edəcəyik. Bunlar isə Azərbaycan dövlətinin, xüsusilə, ölkə rəhbərinin iradəsi, qətiyyətli, vaxtında və zamanında atdığı addımlar nəticəsində mümkün olub. Görülən işlərin, atılan addımların mayasında da Azərbaycan insanı, onun sağlamlığı, təhlükəsizliyi dayanıb.
“Tədbirlər Plan”ının icrası yönündə ardıcıl və məqsədyönlü addımlar atılmaqdadır. Birdəfəlik ödəmələr həyata keçirilməkdədir. Əvvəlcə 200 min insana işsizliyə görə iki aylıq 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulurdusa, dövlət başçısının nazirlərlə son videobağlantı formasında iclasından sonra bu rəqəmin 600 minə qaldırılması qərara alındı. Hətta, ölkə başçısı tərəfindən qeyd edildi ki, əgər karantin rejimi uzun çəkərsə, növbəti aylarda da bu ödəmələr həyata keçiriləcək və bunun üçün də dövlət heç nəyi əsirgəməyəcək. Budur əsl dövlətçi düşüncə və təfəkkür, budur əsl lider qətiyyəti. İnsanlarımız, vətəndaşlarımız da bunu görür və qiymətləndirir. Hər gün Prezidentə ünvanlanan onlarla, yüzlərlə təşəkkür, minnətdarlıq məktubları bir daha bunları əyani şəkildə təsdiqləyir”.
Parlament üzvü vurğulayıb ki, dövlət başçısı ilk gündən bütün çıxışlarında birmənalı və qətiyyətli şəkildə bəyan etdi ki, heç bir sosial layihə ixtisara salınmayacaq:
“Əksinə, ehtiyac duyulacağı təqdirdə, növbəti addımlar atılacaq. Çünki Azərbaycan dövləti güclü, qüdrətli ölkədir. Bunlar hamısı da ölkə Prezidentinin son 17 illik uzaqgörən, düşünülmüş, son dərəcə müdrik siyasətinin uğurlu nəticələridir. Azərbaycan dövləti və hökumətinin qarşısında duran ən böyük hədəflərdən biri də ölkəmizin sosial rifah ölkəsinə çevrilməsidir”.