“Dövlət satınalmaları ilə bağlı çatışmazlıqların hesabatda qeyd olunması müsbət haldır”
“Sherg.az”ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.
Deputat vurğulayıb ki, nöqsanlar qeyd olunur, amma ümumi xarakter daşıyır:
“Onlarla bağlı konkret istinadlar yoxdur. Tenderlərin 3-də birində də məlumatlar ictimaiyyətə təqdim olunmur. Hansı qurumlar tərəfindən bunun edilməsinin ictimaiyyətə təqdim olunmasına ehtiyac var. Bu da çatışmazlıqdır. Bir mənbədən satınalma üsulundan hansı dövlət orqanlarının istifadə etdiyi də açıq şəkildə göstərilməlidir. Təklif edirəm ki, Hesablama Palatasının post hesabat dövründə də gözləntiləri ayrıca olaraq qeyd olunsun. Hesabatda qeyd olunub ki, ötən il problemli kreditlərlə bağlı ölkə başçısının sərəncamının icrası Hesablama Palatası tərəfindən audit olunub və müəyyən olunub ki, 15 min vətəndaşımız ona aid olan vəsaiti ala bilməyib. Təklif edirəm ki, onların niyə bunu ala bilməməsinə baxılsın. Eyni zamanda Büdcə Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank tərəfindən 2 bankın lisenziyası ləğv edilib”.