“Neftin qiymət göstəricisi pozitivdir, amma...” – AKTUAL 

“...Pandemiya ilə əlaqədər enerji ehtiyatı azalıb, ticarət qlobal səviyyədə zəifləyib”

“Nəticədə dünyanın Ümum Daxili Məhsul da aşağı düşüb. Buna əsasən onu demək olar ki, enerjiyə tələbat da azalacaq” 



Dünya bazarında neftin qiyməti artıb. Bu barədə TASS xəbər yayıb. “Brent” markalı neftin avqust fyuçersləri 1,77 faiz bahalaşaraq, bir bareli 43,02 dollara satılıb. Sonuncu dəfə neftin sözügedən markasının dəyəri bu göstəricini martın 6-da keçmişdi. WTI markalı neftin iyul fyuçersləri isə 1,7% artaraq, bir barel üçün 40,22 dollar təşkil edib.

Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bu barədə “Sherg.az”a danışarkən bildirib ki, göstərici pozitivdir: 

“Bu gün London birjasında neftin qiyməti 40 dollar, 66 sentdir. Dünya neftindən danışarkən Azərbaycandakı qiymətə istinad etmək düzgün deyil. Belə ki, birjalardakı vəziyyətdən və ölkənin tutduğu mövqedən asılı olaraq tələb-təklif arasında münasibətlər tez-tez dəyişir. Bu, Azərbaycan neftinin qiymətinə təsir göstərir. Beynəlxalq aləmdə isə neftin qiymətini müəyyənləşdirən əsas amillərdən biri ABŞ-da neft ehtiyatlarının artımıdır. 

İ.Şaban, həmçinin bildirib ki, bu göstəricini qorumaq lazımdır: “Neftin indiki qiyməti təəccüblü deyil. Əksinə, gözlənilən idi. Gələcəkdə neftin qiymətini isə iki məqam müəyyənləşdirəcək.  Onlardan biri, dünya ölkələrinin tələbatı, digəri isə istehsalçı ölkələrin öz həcmlərini nə qədər aşağı salmasıdır. Bu, həm də bazar iştirakçılarının davranışından asılıdır.

Hər halda pandemiya ilə əlaqədər enerji ehtiyatı azalıb, ticarət qlobal səviyyədə zəifləyib. Nəticədə dünyanın Ümum Daxili Məhsul da aşağı düşüb. Buna əsasən onu demək olar ki, enerjiyə tələbat da azalacaq”.