“Qeyri-neft sektorunda ciddi islahatlar aparılmasa, vəziyyət kritikləşəcək”
ÜDM-in faiz nisbəti aşağı düşüb: “Yerli və xarici investorlarda inam yaratmaq əsas prioritetlərimizdən biri olmalıdır”
Bu ilin yanvar-may aylarında Azərbaycanda 27 479,9 milyon manat dəyərində Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azdır.
Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 2,5% azalaraq 2 259,9 manat olub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2%, qeyri-neft-qaz sektorunda isə 2,1% azalıb.
ÜDM istehsalının 37,7%-i sənaye, 11,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i tikinti, 4,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i informasiya və rabitə, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib.
Bu göstəricilərlə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, vəziyyət ürəkaçan deyil: “Düzdür, son illərdə ÜDM-də müəyyən artımlar qeydə alınırdı. Buna baxmayaraq, 2015-ci ildə baş verən böhranın təsirləri hələ də ötüşməyib. Əslində biz çox ciddi problemlə üz-üzəyik. Xarici investisiyaların azalması narahatlıq üçün səbəbdir. Deməli, yerli və xarici investorlarda inam yaratmaq əsas prioritetlərimizdən biri olmalıdır.
Onların inamsızlığı isə qanunların tətbiqi mexanizminin qeyri-effektivliyi, məmurların biznesə müdaxiləsi, inhisarçılıq, iqtisadiyyatımızın qapalı saxlanması, heç bir beynəlxalq bloka daxil olmamağımız və digər neqativ hallarla bağlıdır. Əgər yanaşmamızı dəyişməsək, pandemiyanın təsirlərini aradan qaldırmaqdan ötrü daha uzun müddət tələb olunacaq”.
İqtisadçının fikrincə, neft sektoruna “bel bağlamaq” düzgün deyil:
“Neft sekrorunun gələcəyi sual altındadır. Neft ehtiyatlarımız isə tədricən azalır. Deməli, qeyri-neft sektorunda ciddi islahatlar aparılmasa, vəziyyət kritikləşəcək. Xüsusilə idxalçı ölkə olduğumuzu, yəni məhsul və xidmətləri adətən idxal etdiyimizi nəzərə almalıyıq. Belə bir böhranla üzləşməmək məqsədilə fundamental addımlar atılmalıdır”.