“Yeni doğulan uşaqlara 1000 manatdan başlayan vəsait verilsin!” - Yaxşı təklifdir, ancaq...

Fuad İbrahimov: "...Məsələyə institusional yanaşanda görürük ki, bunun üçün maliyyə əsası yoxdur"


Milli məclisin deputatı Razi Nurullayev yeni doğulan uşaqlara 1000 manatdan başlayan vəsaitin verilməsini təklif edib. O, bununla bağlı mətbuata açıqlamasında deyib:

"...Yeni doğulan uşaqlar üçün 1000 manatdan başlayan vəsait verilməlidir. Bütün dünyada bu sistem var. Bəziləri deyir ki, bu tədbiq olunsa insanlar bundan sui-istifadə edəcək və 5-6 uşaq dünyaya gətirəcəklər. Təbii ki, bunun da yolu var. Dövlət limit qoyub deyə bilər ki, 1000 manat vəsait ancaq 2 uşağa qədər veriləcək".

 Millət vəkilinin bu təklifini "Sherg.az"a qiymətləndirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, bu, hələ ki, real deyil:

"Əlbəttə, yaxşı, hamının ürəyindən xəbər verən təklifdir. Hətta məncə, təkcə uşaqlara yox, bütün yaş kateqoriyasından olanlara belə imtiyazlar verilməlidir. Ancaq məsələyə institusional yanaşanda görürük ki, bunun üçün maliyyə əsası yoxdur. Ən azından indiki şəraitdə dövlət büdcəsində bu qədər vəsait ayırmaq mümkün deyil".