“Bank vətəndaş üçün çıxılmaz vəziyyət yaradır”

"Müqavilələr ədalətli tərtib olunmur. Məsuliyyətin böyük əksəriyyəti vətəndaşın öhdəsinə düşür”

“Sənədin məzmunu çox qəlizdir. Mətn kiçik şriftlərlə yazılır. Belə olan halda da vətəndaş müqaviləni oxumadan imza çəkir”

“Odur ki, mən sözügedən müqavilələrə yenidən baxılmasının tərəfdarıyam” 



Göyçay rayon Polis Şöbəsinə müraciət edən Ərəbcəbirli kənd sakini T.Allahverdiyev mayın 18-də bank hesabından 316 manatının çıxarılaq oğurlandığını bildirib.
DİN mətbuat xidmətindən "Sherg.az"a daxil olan xəbərə əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini R.Kərimli müəyyən edilərək saxlanılıb.

 

 Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, oğurluğun necə baş verməsindən asılı olaraq hər iki tərəf məsuliyyət daşıyır: 

“Heç bir əməliyyat olmadan hesabdan pul çıxılıbsa, bu texniki problemdir və məsuliyyəti bank daşıyır. Yox, əgər kart kiminsə əlinə keçibsə, deməli, vətəndaş heç kimi ittiham edə bilməz. Və ya ola bilsin ki, pul köçürülmə prosesində problemlər yaşanır. Yəni hadisənin motivini bilmək lazımdır”. 

 N.Cəfərli, həmçinin bankla vətəndaş arasından münasibətlərin düzgün qurulmamasını da dilə gətirdi:
 
“Azərbaycanda bank müqavilələri ədalətli tərtib olunmur. Məsuliyyətin böyük əksəriyyəti vətəndaşın öhdəsinə düşür. Bank çox az məsuliyyət daşıyır. Üstəlik, müqavilənin məzmunu çox qəlizdir. Mətn kiçik şriftlərlə yazılır. Belə olan halda da vətəndaş müqaviləni oxumadan imza çəkir. Gələcəkdə hansısa problem yaşandıqda isə bank vətəndaşın çəkdiyi imzanı ona göstərərək çıxılmaz vəziyyət yaradır. Odur ki, mən sözügedən müqavilələrə yenidən baxılmasının tərəfdarıyam”.