Elman Rüstəmov: "Bu ilin sonunadək çox cüzi bir resessiya olacaq"


"Dünya Bankı ilə Azərbaycan əməkdaşlığına ötən 15-17 il ərzində təkan verilib və bu müddətdə Azərbaycan iqtisadiyyatı 3 dəfə artmışdır. Yoxsulluq probleminin öhdəsindən gəlinib".

APA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans formatında təşkil olunmuş görüşdə deyib.

E.Rüstəmov Azərbaycanda antiböhran tədbirlərinin görülməsinə toxunub və bildirib ki, Azərbaycan bu böhranla əlaqədar çağırışlarla - xüsusilə əsas ixrac etdiyi məhsulların qiymətlərinin düşməsi ilə bağlı çağırışlarla üzləşib: "Lakin biz makroiqtisadi sabitliyi qoruya bilmişik, inflyasiyanın səviyyəsi təqribən 3%-dir. Milli valyutanın kursu sabitdir və mübadilə kursu üzərində heç bir təzyiq yoxdur. Proqnozlara görə, bu ilin sonunadək çox cüzi bir resessiya olacaq. Lakin maliyyə sektorunda vəziyyət çox sabitdir və həmçinin bəzi qeyri-sabit bankların sistemdən çıxarılmasına nail olmuşuq".

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ÜDM istehsalı 1,7% azalıb.