“Kənd təsərrüfatı məhsullarının qiyməti “əl yandırır”- Alıcıların üzü gülmür !

“Çünki kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasında, çeşidləmədə ciddi  baryerlər var”

“Xüsusilə məmur sahibkarlığı buna bariz mümunədir”


“Mağazalarda ən ucuz meyvə 3-4 manatdan başlayır. Mövsüm vaxtı özü də. Qəribədir ki dünyanın o başından gələn banan 2 manatdır yəni qonşu kənddən gələn meyvələrdən azı 2 dəfə ucuzdur.

Çünki bazarlar alverçi mafiyası tərəfindən ələ keçirilib. Yerlərdə və ya bazarların qarşısında kəndlilərdən meyvə-tərəvəzi qəpik quruşa alır, sonra qızıl qiymətinə satırlar. Başqa səbəblər də var. Süni yaradılan suvarma problemi, məhsulun iri şəhərlərə daşınmasındakı maneələr və s. Bu vəziyyətin yaranmasını xüsusi təşkil edən Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri əmlakı müadirə edilməklə tam heyətdə həbs edilməlidir”.

Bu barədə jurnalist Elçin Bayramlı özünün “Facebook” hesabında yazıb. 

  Sual yaranır, özümüzün dadlı məhsullarımız qaldığı halda, meyvə yemək üçün xaricəmi üz tutaq? Deyəsən, bizi buna məcbur edirlər. Nəticədə həm yerli istehsaldan məhrum olur, həm də iqtisadiyyatımıza can verə bilmirik. 



 İqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında bu paradoksal vəziyyətin səbəblərini izah etdi: 

“Bazar iqtisadiyyatı hökm sürdüyü ölkələrdə qiyməti bazar tənzimləyir. Bazara çıxarılan məhsullar, başqa sözlə, rəqabətlilik nə qədər çox olsa, qiymət bir o qədər ucuz olar. Yəni qiymət rəqabətlilikdən tərs mütənasib asılıdır. Bizdə rəqabətlilik yoxdur. Çünki kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasında, çeşidləmədə ciddi  baryerlər var. Xüsusilə məmur sahibkarlığı buna bariz mümunədir”. 

 N.Bəydəmirli düşünür ki, məsələyə təsir edən başqa məqamlar da az deyil:

“Yayın xeyli hissəsini artıq geridə qoymuşuq. Amma qiymətlər stabilləşməyib. Kənd təsərrüfatı məhsullarının istehsalının vergidən azad olunmasına baxmayaraq, qiymətlər “əl yandırır”. Çünki xaricdən fərqli olaraq,  bizdə əmək mexanikləşməyib. Üstəlik, Azərbaycanda kənd təsərrüfatı məhsulları əmək tutumludur. Avropada isə belə deyil. Orada əmək əmsalı aşağıdır. Bax, bu amillər nəticəsində xaricdən gətirilən meyvələrin qiyməti daha ucuz olur. Əgər problemlər həll olunsa, bazarda rəqabətlilik yaranacaq. Nəticədə qiymətlər stabilləşəcək, alıcıların üzü güləcək”.