Ölkəmiz dünyanın ayrılmaz tərkib hissələrindən birinə çevriləcək
İyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə edilib.
Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb. Həmçinin qeyd edilib ki, biz yaxın zamanda Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Bununla da, enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsini də təmin etmiş olacaq.
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, Azərbaycanın sözügedən təşəbbüsü bütün dünyanın diqqət
mərkəzindədir:
“Bu, təzə fakt deyil. Əksinə, Azərbaycanla Aİ-in əməkdaşlığı illərdir müzakirə edilən və ən aktual mövzudur. Azərbaycan Cənub Qafqaz dəhlizi vasitəsilə qaz istehsal edir. Maraqlıdır ki, ölkəmiz belə bir ideya ilə çıxış edəndə çoxları buna barmaqarası yanaşmış, bizə dəstək göstərməmişdilər. Nəticədə yük daha çox bizim üstümüzə düşmüşdü. Halbuki Cənub Qafqaz dəhlizi xeyli dərəcədə orta Asiya ölkələri üçün də maraqlıdır. Qaz verəcəyimiz ölkələrdən daha çox Amerikanın bu məsələyə müsbət reaksiyası isə o qədər də təəccüblü deyil. Burada siyasi maraqlar var. Avropaya alternativ marşrutun açılması, əlbəttə, Qərbin və xüsusilə ABŞ-ın marağındadır. Bu ilin sonu, uzağı, gələn ilin əvvəlindən etibarən Avropaya Azərbaycandan qaz axacaq. Beləliklə, ölkəmiz dünyanın ayrılmaz tərkib hissələrindən birinə çevriləcək”.