“Kənd təsərrüfatı malları sığorta ediməlidir, əfsuslar olsun ki, bizdə sığorta sisteminə etibar yoxdur”
“Hərçənd ki, dünyada kənd təsərrüfatı mallarını da sığorta etdirirlər”
Bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti insanların sağlamlığını təhdid etməklə yanaşı, həm də iqtisadiyyata güclü zərbə vurdu. Məsələn Gədəbəydə “gözlənilməz qonaq”- iyun ayında yağan qar nəticəsində xeyli kənd təsərrüfatı məhsulu məhv oldu. Beləliklə, sahibkarların “kefinə soğan doğrandı...”
Vəziyyəti “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, bu arzuolunmaz nəticə bir az da insanların özləri ilə bağlıdır:
“Qar, yağış təbiət hadisəsidir. Təbiətə əmr etmək olmaz ki... Sadəcə, bu cür fors-major halların qarşısını almaq üçün sahibkarlar kənd təsərrüfatı mallarını sığorta etdirməli idilər. Əfsuslar olsun ki, bizdə sığorta sisteminə etibar yoxdur. Bu isə həm də bir çox hallarda yerlərdə hökumətin siyasətinin dəstəklənməməsi ilə əlaqədardır”.
İqtisadçının fikrincə, biz dünya təcrübəsindən nümunə götürməliyik:
“Azərbaycanda könüllü sığorta sıfır səviyyəsindədir. Könülsüz sığortanın isə faizi aşağıdır. Üstəgəl, bizdə daha çox icbari sığorta inkişaf edib. Hərçənd ki, dünyada kənd təsərrüfatı mallarını da sığorta etdirirlər. Başqa bir çatışmazlıq da kənd təsərrüfatını idarə edənlərin bu sahənin səciyyəvi xüsusiyyətlərini kifayət qədər bilməmələri ilə bağlıdır. Əgər sığorta ənənəsi formalaşsa və dediyim problem həllini tapsa, fövqəladə hadisələr zamanı ciddi təşviş yaranmaz”.