«İcbari sığortanın mövcudluğu əhalidə vergi təsəvvürü yaradır»
« Aqrar sahədəki sığorta sistemi də bərbad vəziyyətdədir. Bir fövqəladə hadisə zamanı məhsulu tələf olmuş sahibkar dövlətə müraciət edir»
İqtisadçı-ekspert Nazim Bəydəmirli Azərbaycan sığorta sistemində mövud olan problemlərdən danışıb.
Ekspert qeyd edib ki, ölkəmizdə könüllü sığorta sıfır səviyyəsindədir :
« Könülsüz sığortanın isə faizi aşağıdır. Üstəgəl, bizdə daha çox icbari sığorta inkişaf edib. Hərçənd ki, dünyada kənd təsərrüfatı mallarını da sığorta etdirirlər. Başqa bir çatışmazlıq da kənd təsərrüfatını idarə edənlərin bu sahənin səciyyəvi xüsusiyyətlərini kifayət qədər bilməmələri ilə bağlıdır. Əgər sığorta ənənəsi formalaşsa və dediyim problem həllini tapsa, fövqəladə hadisələr zamanı ciddi təşviş yaranmaz”.
O, bir çox sahələrdə fors-major hadisələrin gətirə biləcəyi itkilərin minimum olması üçün sığortanı zəruri hesab edir.
Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında Azərbaycanda sığorta sisteminin inkişaf yollarından söz açıb:
“Bunun üçün sığorta edən şəxsin məsələyə marağı olmalıdır. İcbari sığortanın mövcudluğu əhalidə vergi təsəvvürü yaradır. Ona görə də heç kimdə sığorta sisteminə inam yoxdur. İkinci məqam isə sığorta şirkətlərinin öz fəaliyyətləri ilə bağlıdır. İş elə qurulmalıdır ki, adamlar sığortaya etibar etsinlər. Avropada ev, maşın alan kimi təmirdən əvvəl sığorta haqqında düşünürlər? Niyə? Çünki zəruriliyini başa düşür və etibar edirlər”.
N.Cəfərli, həmçinin bildirib ki, bu işdə çox ciddi addımlar atılmalıdır:
“Sığorta bazarının düzəlməsi üçün zor gücündən, cərimələrdən imtina olunmalıdır. Həmçinin ödənişlərin böyük bir hissəsini dövlət öz öhdəsinə götürməlidir. Məsələn, icbari tibi sığortanın qiyməti 20 manatdırsa, bunun yarısını dövlət ödəməli, qalan hissəsi isə işəgötürənlə işçi arasında bölünməlidir. Belə olsa, vətəndaşda sığorta sisteminə inam yaranar və o, eyni şeyi digərlərinə də məsləhət görər. Azərbaycanda aqrar sahədəki sığorta sistemi də bərbad vəziyyətdədir. Bir fövqəladə hadisə zamanı məhsulu tələf olmuş sahibkar dövlətə müraciət edir. Amma dünyanın heç bir ölkəsində dövlət bu işlə məşğul olmur. Sığorta ilə bağlı bütün məsələlərlə şirkətləri məşğul olmalıdırlar”.