NİKBİN PROQNOZ: “Neftin qiyməti 50 dolları da keçə bilər, lakin…

“Hələ də nikbin olmağa əsas yoxdur. Neftlə bağlı bir həftə sonra barədə də fikir söyləmək çətindir”

“Bu, pandemiyadan əvvəl də belə idi. İndi isə ümumiyyələ, mümkün deyil. Yəni hər an hər şey ola bilər”



Dünya bazarında neftin qiyməti artıb. “OilExp” xəbər verir ki, WTI markalı neftin iyul fyuçersləri 1,91 faiz yüksələrək, bir barel üçün 40,46 dollar təşkil edib. “Brent” markalı neftin avqust fyuçersləri 1,94 faiz bahalaşaraq, bir bareli 43,01 dollara satılıb.

Beləliklə, “qara qızıl”ın qiyməti mart-aprel aylarında qeydə alınmış göstəricilərlə müqayisədə, təxminən 140 faiz  yüksəlib. Xatırladaq ki, həmin vaxt “Brent” markalı neftin qiyməti 20 dollardan aşağı düşmüşdü.



 Mövcud statistikanı “Sherg.az”a təhlil edən iqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, qiymətlərin “oynaması” dünyada baş verən bir sıra proseslərlə bağlıdır:

“Bu ilin əvvəlinə qədər neftin dünya bazar qiyməti 60 dollar ətrafında idi. Əlbəttə, bu, OPEC+ ölkələrinin verdiyi qərarla bağlıydı. Keçən ilin sonunda Çində başlayan koronavirus pandemiyası iqtisadi fəallığı aşağı saldı. Nəticədə xam neftə olan tələbat azaldı. Bildiyiniz kimi, Çin ən çox neft alan ölkələrdən biridir. Neftə tələbatın azalması isə qiymətin aşağı düşməsinə səbəb oldu.

Sonradan koronavirus digər ölkələrə də yayıldı və pandemiyanın fəsadları sanki transfer edildi. Çindəki hadisələr, məhdudiyyətlər başqaları üçün də adi hala çevrildi. Və qiymət 50 dollardan da aşağı düşdü. OPEC+ ölkələri, xüsusilə Rusiya ilə Səudiyyə Ərabistanı arasında anlaşılmazlıq neftin dünya bazar qiymətinə ikinci zərbə oldu.

Mayın əvvəlində vəziyyəti stabilləşdirmək məqsədilə OPEK+ ölkələrinin bir araya gəlməsi arzuolunan nəticəni vermədi. Çünki onsuz da dünya iqtisadiyyatı çökmüş vəziyyətdə idi. Tədricən məhdudiyyətlərin aradan qaldırılması və karantin qaydalarının yumşaldılması durğunluğun müəyyən mənada qarşısını aldı”. 

 İqtisadçı gələcək haqqında proqnoz verməyin çətin olduğunu bildirdi: “Dediyim kimi, karantin qaydalarının yumşalması, həmçinin OPEK+ ölkələrinin atdığı addımlar neftin qiymətinin qalxmasına səbəb ola bilər. Eyni zamanda ABŞ-da neftin qiymətinin 20 dollara düşəndən sonra bu ölkəyə çox ciddi zərbələr dəymişdi. Onun təsirləri hələ də davam etməkdədir.

Odur ki, qiymət 50 dolları da keçə bilər. Lakin hələ də nikbin olmağa əsas yoxdur. Neftlə bağlı bir həftə sonra barədə də fikir söyləmək çətindir. Bu, pandemiyadan əvvəl də belə idi. İndi isə ümumiyyələ, mümkün deyil. Yəni hər an hər şey ola bilər”.