YARIMÇIQ QƏRAR: “190 manatı bütün işsizlər almalıdır”

Baş nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar imzalayıb. 
Qərarda bildirilir ki, pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

İşsiz vətəndaşların yalnız adı çəkilən şəhər və bölgələrimizdə deyil ümumilikdə bütün bölgələrdə olduğu hər kəsə bəllidir. Maraqlıdır, 190 manat yardımın bütün ölkəni əhatə etməməsi nə dərəcədə düzgün qərardır?



İqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında verilən qərarın yarımçıq olduğunu düşünür. Ekspertin sözlərinə görə, bütün şəhər və bölgələrimizdə olan işsiz vətəndaşlar bu yardımdan yararlanmalıdır:

“Nazirlər Kabineti qərarı onunla əsaslandırır ki, Operativ Qərargahın karantin tədbirləri ilə bağlı adı çəkilən bölgələrin sakinləri iş axtarmaq üçün çölə çıxa bilmirlər. Amma hesab edirəm ki, işsiz hər yerdə işsizdir. Bu qərar haqlı olaraq sosial şəbəkələrdə düzgün qarşılanmayıb. Çünki işsiz statusu alımış şəxs varsa və ona iş təklif olunmayıbsa, onların hamısına 190 manat verilməlidir. Təəssüf edirəm ki, bizdə statsitika ciddi şəkildə etibar qazanmır. Hətta pandemiya dövründə ölkə başçısının statistika ilə bağlı söylədiyi iradlar hələ müvafiq qurumlara çatmayıb. Bu mənada Nazirlər Kabinetinin qərarını yarımçıq hesab edirəm. Fikrimcə, karantin dövrü davam etdikcə ailələrə, fərdlərə yönəlik yardımlar edilməlidir. O cümlədən işsiz vətəndaşların yaşayış minimumum təmin olunmalıdır”.