“Dövriyyə mərhələli şəkildə leqallaşır. Leqallaşırsa, dövlət büdcəsinin gəlirləri pandemiya dövründə yaranmış risklərdən az da olsa qorunur”
Son zamanlar banklarda dolların alış-verişinə dair məhdudiyyətlər qoyulur. Bu proses əsasən neftin qiymətinin aşağı düşməsindən sonra baş verib. Dollar almaq ya da dəyişmək istəyən şəxslər uzun sorğudan keçirilir, onlardan pulun mənbəyi də soruşulur.
Bu hal müştərilər arasında müəyyən narazılığa səbəb olub. Hər kəs uzun-uzadı prosedurların keçirilməsindən gileylənir. Vətəndaşlar bildirir ki, dolların verilməsi üçün miqdara da müəyyən məhdudiyyətlər tətbiq edilir.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, banklarda belə vəziyyətin yaranmasında iki əsas məqsəd var:
“Birinci məqsəd yaranmış situasiyadan müəyyən qədər sui-istifadə halları və valyuta bazarlarında tələbi aşağı salmaqdır. İkinci məqsəd isə hansısa formada mərhələli şəkildə leqallaşmadır. Yəni insanlar əlavə vəsaitlərinin ünvanını göstərirlərsə, demək onun təminatını da etməlidirlər, bunu sənədlərlə ortaya qoymalıdırlar. Bu da o deməkdir ki, dövriyyə mərhələli şəkildə leqallaşır. Leqallaşırsa, dövlət büdcəsinin gəlirləri pandemiya dövründə yaranmış risklərdən az da olsa qorunur”.
Ekspert vurğulayıb ki, indiki halda Azərbaycanda vəziyyət nisbətən sabit görünür:
“Çünki valyuta bazarlarında tələbin səviyyəsinə və neftin qiymətinin indiki durumuna baxanda əhalinin biznesinin yoxsullaşması məqamını da nəzərə alsaq, Mərkəzi Bank yaranmış təzyiqləri neytrallaşdıra bilir. Amma bir məsələ var ki, qonşu İranda valyuta ilə bağlı ciddi çətinlik var. Vəsaitlərin qeyri-qanuni şəkildə İrana axması ehtimalları olduğu üçün Azərbaycan nəzarətin gücləndirilməsi istiqamətində işlər görür. Hazırda banklarımızdakı durum bunlarla əlqəlidir”.