"Bu baş verərsə, postpandemiya dövründə Azərbaycana daha çox xarici turist axınının şahidi ola bilərik"
Pandemiya dövründə ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Azərbaycanda son illər qeyri-neft sektorunun ən çiçəklənən sahəsi olan və valyuta gəlirlərinin artmasına təsir göstərən turizm sektoru pandemiyanın təsiri altında ən pis günlərini yaşayır.
Hansı ki, son illər xarici ölkələrdən turist kimi Azərbaycana səfər edən insanların sayında xeyli artım müşahidə olunurdu. Hətta ötənilki statistikada Azərbaycana turist axınının təxminən 15 faiz artdığı qeyd olunurdu.
Ancaq reallıq onu göstərir ki, turizm sektorunun əvvəlki kimi fəaliyyət göstərməsi uzun müddət mümkün olmayacaq.
Turizm sektorunun fəaliyyəti ilə bağlı yeni planlar hazırlandığını vurğulayan "İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib ki, burada əsas məsələ ara məsafənin qorunub saxlanılmasından, kütləvi toplaşmanın qarşısının alınmasından, qoruyucu vasitələrdən istifadədən, tibbi vasitələrdən istifadədən və dezinfeksiyaedici tədbirlərin həyata keçirilməsindən ibarət olacaq".
İqtisadçı bildirib ki, bu gün inkişaf etmiş ölkələrdə ABŞ-da, İngiltərədə, Almaniyada və s. artıq hər bir sektor üzrə ayrı-ayrılıqda pandemiya şəraitə uyğun olaraq biznes tədbirlərinin görülməsi ilə bağlı təlimatlar hazırlanıb:
"Ona görə də hesab edirəm ki, Azərbaycan üçün son dövrlərdə supermarketlərin işləməsi ilə bağlı, o cümlədən, restoran və kafelərin fəaliyyəti ilə bağlı təlimatlar hazırlandığı kimi ona uyğun turizm sektorunda da bu kimi təlimatlar hazırlana bilər. Məsələn, 200 kvadrat metr sahəsi olan restoranda 50 nəfər yerləşdirilə bilər.
Bu kimi qaydaların və standartların turizm sektorunun müxtəlif sahələri üçün də hazırlanmasına ehtiyac olacaq. Bundan sonra artıq karantin rejiminin yumşaldılması ilə bağlı olaraq həmin sahələr müəyyən qaydada fəaliyyət göstərə bilər. Eləcə də bu standartlar hazırlanıb təqdim olunandan sonra və təsdiq olunduğu halda şəraitə uyğun şəkildə sektorların fəaliyyəti təmin oluna bilər".
Ekspertin fikrincə, hazırda Azərbaycan sərhədləri bağlı olduğundan xarici turistlərin ölkəmizə cəlbolunma məsələsindən danışmaq tezdir: “Sərhədlər açılana kimi xarici turistləri cəlb etmək üçün turistik obyektləri epidemioloji tələblərə cavab verən səviyyəyə çatdırmalıyıq.
Yəni başqa ölkələrdən insanları cəlb etmək üçün əvvəlcə ölkədə epidemioloji, təhlükəsizlik durumunun yaxşı səviyyədə olduğunu göstərməliyik. Bu baş verərsə, postpandemiya dövründə Azərbaycana daha çox xarici turist axınının şahidi ola bilərik”.