Şadlıq evləri qiymətlərə yenidən baxmalı olacaq

"Müğənnilər də hadisədən ibrət götürməlidir"

"Pandemiyadan sonra açılacaq şadlıq evlərində qiymətlərin əhalinin cibinə uyğunlaşdırılması nəzərdə tutulmalıdır. Yəni ortabab vətəndaş üçün 1 masanın qiyməti 15 manatı aşmamalıdır. Müğənnilər də hadisədən ibrət götürməlidirlər".

Bu sözləri "Sherg.az" Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
 Şadlıq evlərində toy qiymətlərinin baha olmasının subyektiv səbəblərinə toxunan partiya funksioneri deyib ki, ilk sırada xalqın mentaliteti olsa da, bir sıra neqativ amillər şadlıq evlərində qiymətlərin süni şəkildə şişirdilməsinə səbəb olub:

"Xatırlayırsınızsa, müasir evlər yeni tikilən zaman kvadrat metri 150-250 manat arasında dəyişirdi. Sonra şimaldan əsən küləyin təsiri ilə qiymətlər astronomik şəkildə artmağa başladı. Əslində bu günümüzdə belə "sair" xərclər olmasa orta səviyyəli binada 3 otaqlı mənzilin tikintisinin maya dəyəri 10-15 min manatı aşmaz.



Nə yazıq ki, durum ortadadır. Hazırda mənzillər dəyərindən 100-500 dəfə baha qiymətə satılır. İnsanlar da bir mənzil almaq üçün həyatı boyu qazanclarından imtina etməli olurlar. Eyni vəziyyət toy biznesinə aiddir. Şadlıq evlərinin fəaliyyətində tam şəffaflıq olarsa, kənar müdaxilələr sıfıra endirilərsə, o zaman qiymətlərin aşağı salınması qaçılmaz olacaq".

Xidmət sahələrində çalışan insanların da mövcud vəziyyətdən ibrət götürməsini vacib hal kimi qeyd edən  V.Əfəndiyev hesab edir ki, onların qazanclarının böyük hissəsi sıravi vətəndaşların hesabınadır:

"Pandemiyanın ortaya çıxardığı mənzərədən nəticə çıxarıb fövqəladə vəziyyətdə hansı günə düşə biləcəklərini gözə alsınlar. Sirr deyil ki, artıq şadlıq evlərinin sahibləri və musiqiçilər dilə gəliblər. Pandemiyadan əvvəl isə şişirdilmiş qiymətlərlə insanların ciblərinə girirdilər".