İri dövlət müəssisələrinin fəaliyyəti qiymətləndiriləcək - İndikatorlar hazırlanır!

“Dövlət qurumlarının heç birində ölçülə bilən idarəçilik tam təmin edilməyib”

“Tövsiyyə edərdim ki dövlət qurumlarında da sırf bu sahədə işlər aparılsın”

“Faydalı iş əmsalları müəyyəşdirilsin,yeni texnologilardan sözdə yox, əməldə istifadə etməklə çevik idarəetmə təmin edilsin”



 Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.
Mütəxəsisslərin rəyinə görə, Holdinqin yaradılmasında məqsəd yeni dövlət müəssisələrinin iş fəaliyyətindəki səmərəliliyi artırmaq, onların fəaliyyətində şəffaflığın və eyni zamanda, vəsaitlərin daha səmərəli, qənaətlə xərclənməsini təmin etməkdir.

Holdinq tərəfindən iri dövlət müəssisələrinin fəaliyyətini qiymətləndirməklə bağlı indikatorlar işlənib hazırlanır. Həmin indikatorlar əsasında hər bir iri dövlət müəssisəsinin fəaliyyətini qiymətləndirmək mümkün olacaq. Bu da imkan verəcək ki, iri dövlət şirkətlərinin fəaliyyətinin nə dərəcədə səmərəli, şəffaf olduğunu yoxlamaq mümkün olsun. Ona görə də sözügedən holdinqin yaradılması  şəffaflığın təmin edilməsi baxımından da   müsbət qiymətləndirilir.



Beynəlxalq idarəetmə standartları üzrə ekspert-məsləhətçi, auditor Asif İbrahimov  “Sherg.az”a açıqlamasında  dövlət müəssisələrinin fəaliyyətini qiymətləndirmək üçün indikatorların hazırlanmasının çox  vacib olduğunu deyib. On ildən çoxdur ki, bu sistemin tətbiqi ilə bağlı  təkliflər verdiyini vurğulayan iqtisadçı hesab edir ki,  kommersiya və ya qeyri- kommersiya, dövlət və ya özəl təşkilatlarında belə bir anlayış var ki, ölçə bilmədiyin heç nəyi idarə edə bilməzsən:

“Azərbaycanda isə dövlət qurumlarının heç birində ölçülə bilən idarəçilik tam təmin edilməyib. Mən tövsiyyə edərdim ki dövlət qurumlarında da sırf bu sahədə işlər aparılsın, proseslər və onların qiymətləndirmə meyarları müəyyən edilsin, faydalı iş əmsalları müəyyəşdirilsin,yeni texnologilardan sözdə yox, əməldə istifadə etməklə çevik idarəetmə təmin edilsin. Hətta deyərdim ki, dövlət və ya dövlətdən maliyyələşən təşkilatların fəaliyyət indiqatorlarını yerləşdirməyin zamanı çoxdan çatıb”. 

Sözügedən qərarın müsbət perspektivinə gəldikdə isə iqtisadçı daha öncədən İqtisadiyyat Nazirliyinin nəzdində investisiya qurumlarının olduğunu xatırladıb. Onun sözlərinə görə, korporativ idarəetmə standartlarının ölkəmizdə tətbiqi daha məqsədəuyğun olardı: 

“Azərbaycanda yatırılan investisiya layihələrinin heç birində fondverimlilik hesablanmayıb. Yatırdığımız hər manata görə nə qədər mənfəət əldə etdiyimizi bilmirik. Əgər ayrı-ayrılıqda hər qurumda korporativ idarəetmə standartlarını  tətbiq etsək, daha  müsbət nəticələr əldə edərdik.  Onu da deyim ki, bazarda rəqabət mühiti formalaşdırmadan AZAL, Dəmiryol QSC kimi qurumlardan inkişaf gözləməyə dəyməz”.