"COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan təcrübəsi dünyada örnək təşkil edir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır".
Bu sözləri " Sherg.az" a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.
Millət vəkinin sözlərinə görə, bütün bu addımlar imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq:
"Cənab Prezidentin müşavirədə dediyi sözlər dövlətin, ölkə Prezidentinin öz vətəndaşına olan münasibətini özündə dəqiq ehtiva edir: “Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”.
Cənab Prezident müşavirədə insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən təşkilatı tədbirlərlə yanaşı, pandemyanın sosial fəsadlarının aradan qaldırılması, insanların sosial rifahının qorunması sahəsində görülən işlər haqqında da ətraflı məlumat verdi. Son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Təxminən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir".
T. Cəfərova həmçinin qeyd edib ki, altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub:
"Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir.
Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaş durur və cənab Prezident hər zaman vətəndaşın yanındadır".