"Biznesə dəstək mexanizmlərinin işlənilməsi müsbət nəticələrə səbəb oldu" - İqtisadçı-ekspert


 Pandemiya dövrünü əhatə edən son altı ay ərzində Prezident İlham Əliyevin tapşırığı və sərəncamları ilə əhalinin sosial rifah halının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib.

Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlərdə xüsusilə əhalinin həssas qruplarının, aztəminatlı təbəqəsinin sosial rifah halının yüksəldilməsinin nəzərə alınması bu gün öz müsbət bəhrəsini verir.

Əhalimizin bu dövrdən ən az itkilərlə çıxması  üçün Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı tədbirlər görüldüyünü vurğulayan  
iqtisadçı-ekspert Elşad Məmmədov Sherg.az-a açıqlamasında pandemiya ilə əlaqədar həyata keçirilən sosial dəstək tədbirlərinin təxminən 5 milyona yaxın vətəndaşı əhatə etdiyini xatırladıb:

"Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. 
Əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Birdəfəlik ödəmə proqramı çərçivəsində  işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub və bu  proqramın əhatə dairəsi 600 min şəxsi əhatə edib".

 İqtisadçının sözlərinə görə,  bu mərhələdə biznesə dəstək mexanizmlərinin işlənilməsi də  müsbət nəticələrin əldə edilməsinə səbəb oldu:

"Prezident İlham Əliyev nazirliklərin görməli olduğu işləri öz üzərinə götürərək bu işdə təşəbbüs göstərdi və həm əhalinin, həm də biznesin sosial maraqlarının müdafiəçisi kimi çıxış etdi. Bilirik ki, dörd istiqamət üzrə tədbirlər reallaşdırıldı. Bura həm sosial siyasət, həm verginin  stimullaşdırılması, həm bank-kredit sisteminə dəstək, həm işgüzar fəallığın qorunması kimi tədbirlərin gerçəkləşdirilməsi daxildir".