“Qarabağ” dayaq blokunun istismara verilməsi ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq”
“Azərbaycan uzun müddət bundan sonra bir çox ölkə üçün strateji və etibarlı tərəfdaş olaraq qalacaq”
Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
Dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basan dövlət başçısı qeyd edib ki, bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır: " Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq".
Millət vəkili Sədaqət Vəliyeva da "Sherg.az"a açıqlamasında Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan Qarabağ dayaq blokunun istifadəyə verilməsi əlamətdar hadisə olduğunu deyib. Onu sözlərinə görə, bu layihə xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağının artdığını göstərir:
"“Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə ən böyük sualtı konstruksiyadır. Bu mənada dayaq blokunun hazırlanması və dənizə yola salınması mərasimi bir daha Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirdi, eyni zamanda neft-qaz sektorunda yeni perspektiv uğurların ilk elementinə çevrildi. Bu kontekstdə vurğulanmalıdır ki, “Qarabağ” yatağının istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq”.
Sədaqət Vəliyeva bildirib ki, çəkisi 16 min tondan çox, hündürlüyü təqribən 190 metr olan qurğunun hazırlanmasında iştirak edənlərin 95 faizi yerli mütəxəssislər olub və onların da orta əməkhaqqısı təqribən 1200-1500 manat ətrafındadır:
“Belə bir nəhəng qurğunun yerli istehsal olması ayrıca qeyd olunmalı bir nailiyyətdir. Çünki, hələ keçmiş sovet dövründə bu cür qurğular olmadığından dərinliyi 180 metr olan “Qarabağ” yatağında neft-qaz çıxarılmamışdı. Və bu gün çox sevindirici haldır ki, neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilən, eyni zamanda ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək “Qarabağ” yatağı neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün böyük faydası olacaq. Həmçinin, bu yataqdan gələcək neft və qaz gəlirləri Azərbaycan əhalisinin sosial rifah halının daha da yüksəldilməsinə səbəb olacaq”.
Deputat hesab edir ki, texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan Qarabağ dayaq blokunun istifadəyə verilməsi ilə Azərbaycan dünyanın enerji xəritəsindəki yerini möhkəmləndirməklə yanaşı, çəkisini və nüfuzunu dahada artıracaq:
"Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP, eləcə də BTC və BTƏ layihələri vasitəsilə dünyanın enerji strategiyasında əhəmiyyətli rolunu alıb: “Azərbaycan dünyada ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi kimi tanınmaqdadır.
Məhz, “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliyaya çatdırılacaq və perspektivdə Balkan bölgəsində yerləşən ölkələrə də qazın verilməsi mümkün olacaq.
Bir sözlə, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron”, “Qarabağ” və digər yataqların istismarı Azərbaycanın Avrasiyanın yeni enerji xəritəsindəki mövqeyini gücləndirəcək. Bununla da Azərbaycan uzun müddət bundan sonra bir çox ölkə üçün strateji və etibarlı tərəfdaş olaraq qalacaq”.