““Qarabağ” yatağı neft sənayemizdəki inkişafın göstəricisidir”

“Neft strategiyamız Azərbaycan dövlətinə və iqtisadiyyatına uğurlar qazandırıb”


Prezident İlham Əliyev “Qarabağ” dayaq blokunun dənizə yola salınması ilə bağlı tədbirdə iştirak edib. Ölkə başçısı çıxış edərək mühüm məqamlara toxunub. 
Prezident qeyd edib ki, Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi əlamətdar hadisədir:
“Bu layihə bir daha göstərir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan Qarabağ dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir”.

Millət vəkili Müşfiq Məmmədli “Sherg.az”a açıqlamasında “Qarabağ” dayaq blokunun istifadəyə verilməsinin çox mühüm hadisə olduğunu bildirib. Parlament üzvü vurğulayıb ki, cənab Prezidentin qeyd etdiyi kimi, bu layihə müstəqillik dövründə hazırlanıb və həyata keçirilib:

“Ümumiyyətlə, kəşfiyyat işlərinin sovet dövründə aparılması dayandırıldı və bu sahə konservləşdirilmiş formada oldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Qarabağ” dayaq blokunda geniş kəşfiyyat işləri aparılıb.

Bu işlərin nəticəsində böyük neft ehtiyatının olması aşkar edilib. Daha sonra nəhəng qurğunun istehsalına başlanıb. Bu qurğunun istehsalında 95 faiz yerli mütəxəssislər iştirak edib. Layihənin müstəqillik dövrünə təsadüf etməsi və yerli mütəxəssislərin iştirakının simvolik əhəmiyyəti var.

Çünki bu, Azərbaycanın neft sənayesinin və Azərbaycan neft elminin hansı səviyyəyə gəlməsinin göstəricisidir”. 

Parlamentari qeyd edib ki, dövlətimizin təsisçisi olduğu SOCAR-ın bu sahədə fəaliyyət göstərməsi və böyük pay sahibi olması bir daha göstərir ki, bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası mühüm strateji istiqamətə yönəlib:

“Bu strategiya Azərbaycan dövlətinə və iqtisadiyyatına uğurlar qazandırıb. Ona görə də “Qarabağ” dayaq blokunda işlərin tamamlanması və fəaliyyəti başlaması üçün dənizə yola salınması mühüm hadisədir”. 

Deputatın sözlərinə görə, ölkəmiz bundan sonrakı dövrdə də öz iqtisadiyyatını diversifikasiya edib, çoxşaxəli istiqamətdə inkişaf etdirməklə yanaşı neft-qaz sənayesinin inkişafını prioritet sahə olaraq saxlayacaq:

“Bu istiqamətdə yeni texnologiya, yeni yanaşma və yeni idarəetmə modellərindən istifadə ediləcəyi ümidi yaranır”.