Amma bu evlərin qeydiyyat məsələsi bu gün ölkəmizdə real görünən bir məsələ deyil
Bu gün bir çox ölkələrdə daşınmaz əmlakla yanaşı, daşına bilən əmlaka da maraq və yatırım var. Daşına bilən əmlak - konteyner evlər artıq bütün dünyada da geniş yayılıb. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da daşınabilən evlər var. Bu evlərin qiyməti digərləri ilə müqayisədə daha sərfəlidir. Çöl səthi beton panelli olan, daşına bilən, iqlim şəraitinə uyğunlaşan bu evlər əsasən bağ evləri hesab edilir və daha çox dəniz qırağında, istirahət yerlərində qurulur.
Bu evlər zəlzələyə, eyni zamanda da nəmə davamlıdır. Səsə qarşı izolyasiya edilən konteyner evlərin qiyməti o qədər də yüksək deyil - 1 kvadrat metrə görə 350 AZN-dir. Bu qiymətə təmir daxildir. Bundan başqa, əlavə olaraq hamam-tualetin quraşdırılması üçün 600 AZN tələb olunur. Evlər dəmir karkas və panellərdən ibarətdir. Bu evlər lazım olan ünvana daşınır. Onları istənilən ünvana aparmaq mümkündür.
“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı hesab edir ki, əslində konteynerlərin Azərbaycanda olması özündə bir sıra problemləri ehtiva edir. O bildirib ki, bu təşəbbüsün icrası nə qədər təqdirəlayiq olsa da, lakin bir sıra çatışmayan məqamları var:
“Daşınan evlərin qeydiyyat məsələsi bu gün ölkəmizdə real görünən bir məsələ deyil. Ən azından hesab edirəm ki, qeydiyyat barədə daşınmaz əmlakın və bütövlükdə əmlakın reyestr xidmətini aparan qurumlar tərəfindən ciddi tədbirlər həyata keçirilməlidir. Ən aktual problemlər sırasında bu evlərdə vətəndaşların qeydiyyatı necə keçiriləcəyi prosesi, əmlakın sənədinin nədən ibarət olacağı və sair kimi məsələlər durur.
Xüsusilə sənədlərin qeydiyyatı harda aparılacaq, bunun üçün vətəndaşlar hansı orqana müraciət etməlidirlər. Bütün bu kimi hüquqi məsələlər öz həllini mütləq şəkildə tapmalıdır. Çünki faktiki olaraq texniki qeydiyyat sənədləri olmayan hər hansı bir əmlak subyektinin alqı-satqı prosesinə cəlb olunması bu gün üçün real görünmür. Gəlin belə düşünək.
Məsələn, 18 kvadratlıq və daha böyük ölçülü konteynerlər kvadratını 350 manatdan hesablasaq, təxminən 6300 manat vəsait edir. Belə bir sual yaranır ki, vətəndaş həmin vəsaiti ödəyərək hansı sənədi əldə edəcək? Bütün bu kimi məsələlər açıq qalır. Hesab edirəm ki, bu layihəni həyata keçirən və ya eyni zamanda həyata keçirməyə hazırlaşan şirkət rəhbərləri bu məsələyə münasibət bildirməlidir.
Qeyd edim ki, istənilən layihənin tətbiqi məsələsi qanunvericilik bazasının formalaşdırılmasından keçir. Belə layihələrin hüquq bazası olmadığı təqdirdə uğur qazanması qeyri-mümkündür. Bunlar üçün müəyyən hüquqi qayda-qanunların icrası mütləqdir”.