"Əvvəllər maşın həvəskarları tez-tez avtomobillərini yeniləyirdilər. İndi hətta onlar belə buna önəm vermirlər"
Pandemiya fonunda 2020-ci ildə lüks malların qlobal satış həcmi 35-45 faiz azala bilər. Bu barədə "Boston Consulting Group" (BCG) təşkilatının apardığı araşdırmada deyilir. Qeyd edilir ki, böhrandan əvvəlki səviyyələrə yüksəlmə 2023-cü ildə təxmin edilir. "Hətta ən optimist senari 2020-ci ildə lüks malların satışının 35-45 faiz azalmasını nəzərdə tutur.
Qeyri-müəyyənlik nəzərə alınmaqla bu sənayenin bərpası tədricən aparılacaq: ən pis halda, 2021-ci ildə ümumi satış 2019-cu illə müqayisədə 20 faiz az ola bilər, 2022-ci ildəki azalma isə bir qədər daha kiçik göstəricidə olacaq. Bununla yanaşı 2023-cü və sonrakı illərdə əksər kateqoriyalardakı satışlar yenə də böhrandan əvvəlki səviyyələrə qayıdacaq", - deyə məlumatda bildirilir.
Araşdırmaya görə, pandemiya dövründə lüks bazarın 31 faizini əhatə edən lüks mallara ildə 37.000 avrodan çox pul xərcləyən istehlakçılar da böhranın təsirini hiss ediblər və xərclərə münasibətlərini dəyişdiriblər. Lüks bazarın ən önəmli malları sırasında lüks avtomobil dayanır. Bəs hazırkı pandemiya vəziyyətində onların satışı hansı səviyyədədir?
Ekspert Rəhim Əliyev koronavirus səbəbindən iqtisadi durumun aşağı düşməsinin lüks avtomobil sənayesi istehsalına təsirsiz ötüşmədiyini bildirib. O qeyd edib ki, məhz bu səbəbdən bir müddət əvvəl onların istehsalı və satışı tamamilə dayandırılıb:
“Dünyada yaşanan mövcud durum avtomobil bazarına öz mənfi təsirini göstərdi. Amma əvvəlki durumla müqayisədə indi yavaş-yavaş canlanma gedir və satışlar bərpa edilməyə başlayıb. Dünya iqtisadiyyatı çox geri düşdüyünə görə, avtomobil bazarında əvvəlki vəziyyətin yalnız 2023-cü ilədək düzələcəyi proqnozlaşdırılır. Amma bu da ehtimal olaraq qalır. Bunun olub, olmayacağı barədə danışmaq hələ çox çətindir. Çünki bir qayda olaraq lüks avtomobilləri indi istehsal olunsa da, onların satış qiyməti bir müddət əvvələ yazılır. Bu o deməkdir ki, alıcılar əvvəlcədən yazılan qiyməti ödəyirlər. Pandemiya səbəbindən həmin alıcıların istəklərindən imtina etməsi gözlənilən haldır. Belə olacağı təqdirdə avtomobil bazarında vəziyyət gərginləşəcək. Buna görə də istehsal səviyyəsinin azalacağı gözlənilir”.
Ölkəmizdə hər il lüks avtomobil istehsalçıları təmsil olunsalar da, onların satış vəziyyətinin hər zaman çox zəif, bərbad olduğunu vurğulayan ekspert hesab edir ki, bu hal daha da kritikləşəcək:
“Lüks avtomobil dillerləri yaxın günlərdə satışı aktivləşdirmək üçün müəyyən kredit proqramları tətbiq edə bilərlər. Bu yaxınlarda ölkəmizdə “Nurgün Motors”, “Chevrolet” və bir çox avtomobil şirkətləri onlayn satış həyata keçirdi. Düzdür, bu, vəziyyətlə bağlı olaraq ən yaxşı çıxış yoluydu. Amma bir məsələni də diqqətə çatdırım ki, salonlar işləsəydi belə, real vəziyyətdə alıcıların sayı elə onlayndakı qədər olacaqdı. Çünki indi insanlar gözləmə mövqeyindədirlər və əllərində olan vəsaitlə avtomobil almaqda maraqlı deyillər. Əvvəllər maşın həvəskarları tez-tez avtomobillərini yeniləyirdilər. İndi hətta onlar belə buna önəm vermirlər. Hazırda bu kimi amillər avtomobil bazarına ciddi təsir göstərib”.
Ekspert lüks avtomobil anlayışının ölkəmizdə fərqli baxışına da diqqət çəkib:
“Ölkəmizdə lüks avtomobil anlayışına tam başqa cür yanaşırlar. Lüks avtomobil dünya bazarında “Ferrari”, “Bentley”, “Lambargini” kimi modellər götürülür. Amma bizdə “KİA”-nın lüks seqmentdə buraxdığı modeli götürürlər ki, bu lüksdur. Əslində bu, lüks yox, premiumdur. Dünyada, habelə ölkəmizdə lüks modellərdən ən çox maraq “Ferrari” modelinədir. Onun həm rənginin qırmızı olması, həm adı, həm də tarixi möhtəşəm olması insanların diqqətini cəlb edir. Lüks avtomobillərinə ölkə bazarımızda müəyyən qədər tələbat var. “Lambargini” və “Ferrari” modelləri az da olsa satılır”.