“Yaponiyanın Azərbaycana diqqəti artıb” - 7 milyard dollar sərmayə...

“Yaponiyanın Azərbaycana təyin etdiyi yeni səfiri Cuniçi Vadanı ölkəmizdə fəaliyyətə başlayıb. Yeni səfir 30 il ərzində Yaponiyanın İqtisadiyyat və Sənaye nazirliyində çalışıb, ticarət sərmayələrinin təşviqi və şirkətlərin dəstəyi sahəsinə məsul olub”. 

Bu fikirləri “Sherg.az”açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Analitikin sözlərinə görə, səfir ilk açıqlamasında bildirib ki, Yaponiya, Azərbaycanı çox vacib tərəfdaş hesab edir və indiyə qədər mütəşəkkil şəkildə dostluq münasibətlərini inkişaf etdirmək üçün səy göstərib:



“Yaponiyanın Azərbaycana təyin olunan yeni səfiri iki ölkə arasındakı əməkdaşlığı bu şəkildə qiymətləndirib:
Birincisi, iki ölkə qarşılıqlı şəkildə bir-birinə etibar etməklə bərabər, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq arenalarda da əməkdaşlıq etməkdədir. 
İkincisi, iqtisadi əməkdaşlığa gəldikdə, Yaponiya, Azərbaycanda indiyə qədər Şimal qaz buxar elektrik stansiyasının tikintisi, bütün ölkə boyu 250-dən artıq məktəb, xəstəxana, su təchizatı sisteminin tikintisi və s. kimi layihələrlə Azərbaycan əhalisinin rifahına dəstək verib.
Üçüncüsü, yapon şirkətləri AÇG neft yatağının işlənməsi layihəsində əməkdaşlıq edir və bundan sonra ətraf mühit, yüksək texnologiyalar və s. kimi sahələrdə də bir çox yapon şirkəti Azərbaycan şirkətləri ilə tərəfdaş olacaq”.

E.Şahinoğlu vurğulayıb ki, iki il əvvəl Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana rəsmi səfəri zamanı prezident İlham Əliyevlə görüşdə Tokionun konkret təkliflərini səsləndirib:
 
“Birinci təklif o idi ki, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Əlbəttə, hazırki pandemiya dövründə turizmdə durğunluq yaşanır. Ancaq gələcəkdə iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi faydalı olacaq. Yaponiya vətəndaşları səyahət etməyi xoşlayırlar.

Birbaşa aviareys açılarsa Azərbaycana səyahət edən yaponların sayı artar. 

İkinci təklif bundan ibarətdir ki, Yaponiya Azərbaycanla qarşılıqlı investisiyaların artırılması barədə müzakirələr aparmağa hazırdır. Yaponiya biznesi Azərbaycanda geniş şəkildə təmsil olunur. Azərbaycanda 30-dan çox Yaponiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda Yaponiya Azərbaycan iqtisadiyyatına, təxminən, 7 milyard dollar sərmayə qoyub, bunun da 100 milyon dolları qeyri-neft sektoruna aiddir. Bu Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir.

Üçüncü təklif odur ki, Yaponiya “Cənubi Qafqaz təşəbbüsü” adlı prosesi başlatmaq istəyir. Yaponiyanın xarici işlər nazirinin sözlərinə görə, bu təşəbbüs iki pillədən ibarət olacaq. Birinci pillə dövlət quruculuğuna dəstək layihəsi adlanır.

Bu pillədə dövlət məmurlarının, o cümlədən gənc diplomatların və hüquqşünasların təcrübə mübadiləsinin aparılması planlaşdırılır. İkinci pillədə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulurdu.

Göründüyü kimi, Yaponiya-Azərbaycan əməkdaşlığında iqtisadiyyat və humanitar əlaqələr ilk sıradadır. Buna baxmayaraq, Yaponiyanın Azərbaycana artan marağı həm də geosiyasi amillərlə bağlıdır.

Yaponiya ABŞ, Avropa İttifaqı, İran, Rusiya və Türkiyə ilə sıx əməkdaşlıq edir. Adı çəkilən ölkələrin hər birinin Azərbaycanda fərqli maraqları var. Bu səbəbdən Yaponiyanın da Cənubi Qafqazın əsas dövləti olan Azərbaycana diqqəti artıb”.