“Kommersiya bankları məmur sahibkarlığına aid olduğu üçün qanunları heçə sayırlar”
“Beləliklə vətəndaşların həm hökumətə, həm Mərkəzi Banka, həm də bank sisteminə inam və etibarı azalır”
Ləğv prosesində olan “Amrahbank” ASC-nin əmanətçiləri Milli Bankın qarşısına yığışaraq etiraz ediblər. Vətəndaşlar əmanətlərinin qaytarılması prosesinin sürətləndirilməsini istəyirlər.
Qeyd edək ki, banklar üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb. Bu günə qədər “Amrahbank” ASC-nin 5,2 min əmanətçisinə 124,6 milyon manat kompensasiya ödənilib. Baş verənlər insanlarda narahatlığa səbəb olub. “Amrahbank” ASC-nin əmanətləri gecikdirməsi isə vətəndaşlarda banklara qarşı inamsızlıq yaradıb. Maraqlıdır, belə olan halda əmanətçilər pullarını hansı formada ala bilərlər?
Mövcud proseslə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, istənilən əmanətçinin etiraz etmək hüququ var. Lakin bu etiraz qanunvericilik çərçivəsində olmalıdır.
İqtisadçı təəssüflə vurğulayıb ki, qanunvericiliyi tətbiq edən qurumların-Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və kommersiya banklarının daşıdıqları sosial məsuliyyət həmişə məmur sahibkarlığına qurban verilir:
“Nəticədə uduzan tərəf əmanətçilərdir. Onlar dövlətin qanunlarına və kommersiya qurumlarının fəaliyyətinə etibar edərək pullarını banka qoyublar. Günün birində isə banklar müflis olur.
Bankların müflis olması elanı iqtisadi qərardan çox inzibati qərara bənzəyir. Əslində bankları müflis elan etməmiş Mərkəzi Bank onların passiv və aktivlərini araşdırmalı idi.
Həmçinin sığortalanmış əmanətlərin qaytarılması mexanizmləri tətbiq etməli idi. Qanun çərçivəsində belə olmalıdır. Lisenziya almış kommersiya bankları əmanət kimi cəlb etdikləri vəsaitlərin müəyyən hissəsini Sığorta Fonduna ödəyirlər. Belə hallar baş verdikdə avtomatik olaraq tez bir zamanda əmanətçilərin vəsaiti ödənilir”.
N.Bəydəmirli qeyd edib ki, kommersiya bankları məmur sahibkarlığına aid olduğu üçün qanunları heçə sayırlar və müxtəlif əlaqələrini işə salaraq məsuliyyətdən yayınmağa nail olurlar:
“Beləliklə vətəndaşların həm hökumətə, həm Mərkəzi Banka, həm də bank sisteminə inam və etibarı azalır. Bu da iqtisadiyyatımız üçün ciddi fəsadlar törədir.
Nə qədər ki, Azərbaycanda inhisarçılıq ləğv olunmayıb, bank sektoru da daxil olmaqla şəffaflıq təmin edilməyib belə proseslər davam edəcək. Təəssüf ki, bu cür hallara daha çox şahidlik edəcəyik”.