“Kommunal xidmətlər üzrə taariflərə güzəştlərin verilməsi ailələrdə xərclərin daha da optimallaşdırılmasına səbəb olacaq”
“Eyni zamanda həmin ailələrin sərhəd bölgələrini tərk etmək fikrindən müəyyən qədər daşınmasına şərait yaradacaq”
Millət vəkili Arzu Nağıyev cəbhə xəttində yerləşən kəndlərdə kommunal xərclərin azaldılmasını təklif edib. O, bununla bağlı Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edib:
“Təklif edirəm ki, cəbhə bölgəsində kommunal qiymətlər hazırkı tarif qiymətləri ilə müqayisədə ən azı yarıbayarı azaldılsın”.
Deputatın təklifini “Sherg.az”a dəyərləndirən iqtisadç-ekspert Rəşad Həsənov düşünür ki, cəbhə bölgələrindəki kəndlərdə kommunal xərclərin azaldılması üçün heç bir əngəl yoxdur. İqtisadçı qeyd edib ki, Azərbaycanda kommunal taariflər dövlət tərəfindən maliyyələşdirilir:
“Kommunal xidmətlərlə bağlı fəaliyyət göstərən müəssisələr heç vaxt öz gəlirləri ilə fəaliyyət göstərmirlər. Onlar hər zaman dövlətdən müəyyən qədər maliyyə dəstəyi və subsidiyalar alıblar. Bu müəssisələrinə aid borcların ödənişi, maliyyə-təsərrüfat fəaliyyətinin tənzimlənməsi üçün xərclər dövlət tərəfindən ödənir. Ona görə də cəbhə bölgələrində daha aşağı taariflərin tətbiqi ilə bağlı hüquqi maneə və çətinlik görmürəm”.
Ekspertin qənaətincə, deputatın təklifi maraqlı və yerində olan təklifdir:
“Hətta bu prosesi daha da genişləndirmək olar. Çünki Azərbaycanda ciddi şəkildə urbanizasiya problemi var. Son 25 ildə bu, çox kəskin xarakter alıb. Ölkə əhalisinin 40-50 faizi Bakı və Abşeron yarımadasındadır. Eyni zamanda iqtisadiyyat da bu bölgələrdə olduğu üçün əhalinin gəlirləri sərhəd bölgələri ilə müqayisədə daha yüksəkdir. Bu da təmərküzləşməni və urbanizasiya problemini daha da sərtləşdirən bir faktor kimi çıxış edir”.
R.Həsənov vurğulayıb ki, cəbhə bölgələrində iqtisadiyyat zəif olduğu üçün investisiya qoyuluşları aşağıdır. Risklər olduğuna görə biznes üçün geniş investisiyalar qoyulmur:
“İnsanların sağlamlığı və həyatı üçün də müəyyən risklər və təhlükələr var. Gələcəkdə cəbhə bölgələrində əhalinin sayının azalmasının qarşısını almaq üçün müəyyən təşviq mexanizmləri işləyib hazırlamaq olar.
Məsələn, sərhəd bölgələrinə investisiya təşviqi sənədi verilərkən güzəştli şərtlərin təklif olunması lazımdır. Düzdür, bu, ciddi effekt vermir, amma ən azından sərhəd bölgələrini digər bölgələrdən fərqləndirir və onlara müəyyən üstünlük verir.
Kommunal xidmətlər üzrə taariflərə güzəştlərin verilməsi ailələrdə xərclərin daha da optimallaşdırılmasına səbəb olacaq. Eyni zamanda həmin ailələrin sərhəd bölgələrini tərk etmək fikrindən müəyyən qədər daşınmasına şərait yaradacaq”.