“Sosial yardımın yerinə uşaq pulu verilsin!” – Parlamentə şikayətlər çoxalıb!

"Ünvanlı sosial yardımla əlaqədar problemlər var. Bu vəsaitlər yerlərdə əhaliyə çatmır”

“Uşaq pulu isə belədir ki, konkret olaraq uşaqların sayı müəyyən edilir. Həmin saya uyğun olaraq vəsaitlər ayrılır”

“Heç bir problem və mənimsəmələr ola bilməz”

Uşaq pulu məsələsi yenidən gündəmdədir. Hətta bu günlərdə parlamentdə uşaq pulunun bərpasının müzakirəsi üçün işçi qrupun yaradıldığına dair məlumatlar yayıldı. Daha sonra isə ictimaiyyətə təqdim edilən informasiyanın yanlış olduğu bildirildi. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.

Buna baxmayaraq məsələ ictimaiyyətdə daim müzakirə olunur. Aztəminatlı ailələri uşaq pulunun verilib-verilməyəcəyi maraqlandırır. Parlament üzvləri də məsələ ilə əlaqədar müəyyən təkliflər verib. Lakin son nəticənin necə olacağı məlum deyil.
 
Vətəndaşları maraqlandıran suallarla bağlı “Sherg.az”a danışan millət vəkili Vahid Əhmədov bildirdi ki, uşaq pulunun verilməsinə dair müraciətlər yetərincə çoxdur. Deputat bu məsələnin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi səviyyəsində də müzakirə edildiyini diqqətə çatdırıb:

“Nazirliyin uşaq pulu ilə bağlı öz arqumentləri var. Onların bizə verdiyi təkliflərə görə, indi ölkəmizdə ünvanlı sosial yardımlar verilir. Ona görə də uşaq pulunun ünvanlı sosial yardımın içində olduğunu əsas gətirirlər. Bizim arqumentimiz isə budur ki, ümumiyyətlə ünvanlı sosial yardımla əlaqədar problemlər çoxdur. Bu vəsaitlər yerlərdə əhaliyə çatmır, vətəndaşlardan əlavə arayışlar istəyirlər.

Məlumdur ki, indi onlayn sistem var. Lakin yenə də ünvanlı yardımlar və digər məsələlərlə bağlı şikayətlər var. Uşaq pulu isə belədir ki, konkret olaraq uşaqların sayı müəyyən edilir. Həmin saya uyğun olaraq vəsaitlər ayrılır. Burada heç bir problem və mənimsəmələr ola bilməz”.

V.Əmədov uşaq pulunun  yenə də Milli Məclisdə gündəmdə olduğunu vurğulayıb:

“Parlamentdə müzakirələr aparılır. Çünki millət vəkilləri mütəmadi olaraq bu məsələyə toxunurlar.  Uşaq pulu ilə əlaqədar daha çox seçicilər öz iradlarını bildirirlər. Onlar uşaq pulunun niyə verilmədiyini soruşurlar”.

Parlament üzvü qeyd edib ki, uşaq pulu  ilə bağlı müraciətlər həddindən artıq çoxdur:

“Məsələ gündəmdən çıxmır. Amma son qərarın nə olacağını öncədən demək çətindir”.