Məktəbli geyimlərinin qiyməti narazılıq doğurdu: BAHADIR !

Bir ailədə üç uşağın məktəbə getməsi isə vəziyyəti daha acınacaqlı edir

İqtisadçı isə çıxış yolunu uşaq pulunun bərpa olunmasında görür


Yeni dərs ilinin gəlişinə hazırlaşan valideynlər məktəbli mağazalarına baş çəkərək qiymətlərlə maraqlanırlar. Onlar uşaqların tam hazırlıqlı şəkildə məktəbə göndərilməsi üçün qiymətlərdən narazıdırlar. Nəzərə alsaq ki, bir yandan da pandemiya səbəbindən insanların maddi cəhətdən durumları əvvəlki illərlə müqayisədə aşağı səviyyədədir.

Buna görə də onlar məktəbə gedəcək övladlarına məktəb ləvazimatları almaqda çətinlik çəkirlər.



Məktəbli geyimlərinin qiymətlərinin baha olması ilə bağlı "Şərq"ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bir ailədə 2-3 məktəblinin olduğunu nəzərə alsaq bu həmin ailələr üçün çox ağır maddi güc yaradır. Onun sözlərinə görə, burada inzibati yolla qiymətlərin aşağı salınması mümkün deyil:

"Çünki bu sahə dövlət tərəfindən tənzimlənməyən sahələrdir. Bunun iki yolu var. Birincisi, uşaq pulunun bərpa olunması və aztəminatlı ailələrə  onların verilməsi ilə bağlı qaydaların tənzimlənməsidir. Burada  bərabərlik prinsipindənsə, daha çox sosial vəziyyəti ağır olan insanlara pul verilməsinin tərəfdarıyam. Bu məsələ hamıya şamil edilməməlidir.

Yəni bütün 18 yaşadək uşaqların hamısına pul paylanmaqdansa, onu maddi durumu, gəliri aşağı olan ailələrə vermək daha məqsədəuyğundur. Məsələn, elə ailələr var ki, onun bir övladı var və valideynlərinin hər ikisi də işləyir.

Düşünürəm ki, onların ehtiyacı yoxdur. Ona görə də bu cür ailələrə o birisilərlə eyni qaydadan pul verməkdənsə, gəlirlilik səviyyəsi aşağı olanlara uşaq pulunun verilməsini labüd hesab edirəm". 

N.Cəfərli diqqətə çatdırıb ki, hökumət müəyyən qiymətlərin tənzimlənməsi məsələlərini icra edə bilər:

"Bura gömrük rüsumları və vergi dərəcələri aiddir. Bir çox ölkələrdə məktəbli paltarları gömrük rüsumlarından və vergilərdən azad edilirlər. Həmin dövlətlər buna sosial məsələ kimi baxırlar.

Bizdə də bu cür addımların atılması mümkündür. Hökumətin qərarı ilə, əsasən də məktəb yaşına qədər olan uşaqların ləvazimatlarının əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunması məsələsi gündəmə gələ bilər. Bu iqtisadi addım ən azı 30 faiz qiymətlərin ucuzlaşmasına şərait yaradacaq.

Hökumətin qərarı ilə ucuzlaşmanı təmin etmək olar. Amma hər hansı bir dövlətin müdaxiləsi, qiymət qoyma siyasəti  aparılmasını çox yanlış sayıram. Dövlət iqtisadiyyata birbaşa müdaxilə etməməlidir. Dolayı alətlərlə vergi və gömrüklə müdaxilə etsə daha məntiqli, uzunmüddətli və qalıcı olar".