İqtisadi Şura təqdir edildi: “İqtisadiyyatımızın trayektoriyası dəyişilir”

“Şurada maliyyə, iqtisadi və sosial bloklar müştərək fəaliyyət göstərəcək”

“Onların işinin əsas mahiyyəti isə post-pandemiya dövrünün iqtisadiyyatı üçün strateji planlar hazırlamaqdır”


Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Prezident İlham Əliyevin 9 sentyabr  fərmanı ilə Şuranın sədrliyi baş nazir Əli Əsədova həvalə olunub. Şuraya cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflər hazırlamaq tapşırılıb. 

 Bu barədə “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev yeni yaradılan şuranın gələcək perspektivlərindən söz açıb:

“İqtisadi Şuranın səlahiyyəti keçmişdəki Maliyyə Şurasının səlahiyyətindən qat-qat çoxdur. Şurada üç fərqli blokun birgə işi nəzərdə tutulub. Belə ki, maliyyə, iqtisadi və sosial bloklar müştərək fəaliyyət göstərəcək.

Onların işinin əsas mahiyyəti isə post-pandemiya dövrünün iqtisadiyyatı üçün strateji planlar hazırlamaqdır. Eyni zamanda xarici investorlardan ötrü münbit şərait yaradılacaq.

Düşünürəm ki, İqtisadi Şuranın fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının trayektoriyası dəyişməlidir. 2021-ci ilin büdcəsi barədə indidən müəyyən planlar hazırlanıb.

Adı çəkilən şura dünəndəın fəaliyyətə başlayıb. Zənnimcə, biz bu qurumun ortaya qoyduğu nəticəni gələn ilin mart-aprel aylarında görəcəyik”.