Rusiyada işləyən vətəndaşlarımıza ciddi problem yaranmayacaq
Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib. Bu barədə qurumun hazırladığı miqrasiya məsələləri ilə bağlı yeni federal qanun layihəsi konsepsiyasında bildirilir. Konsepsiyaya əsasən fiziki şəxslərin gəlir vergisi sabit avans ödənişi (əvvəlcədən ödəniş) şəklində ödənilməsə, miqrantlara vergini 15 gün ərzində ödəmək tələbi ilə bildiriş göndəriləcək. Miqrantın bundan imtina etməsi halında onun Rusiyada işləməsi qadağan edilə və o, hətta ölkədən deportasiya oluna bilər.
Bu cür verginin ödənilməsi üçün elektron patent rəsmiləşdirmək lazım olacaq. Miqrantları işə götürmək istəyən işəgötürənlər (fiziki, hüquqi şəxslər, habelə fərdi sahibkarlar) şəxsi kabinetdə qeydiyyatdan keçməli (ola bilsin ki, bu, dövlət və bələdiyyə xidmətlərinin vahid portalında olacaq) və xüsusi formanı doldurmalı olacaqlar. Sistemdə qeydiyyatdan keçdikdən sonra Xarici İşçi Qüvvəni Cəlb Edən İşəgötürənlərin Reyestrinə daxil edilmə haqqında ərizəni elektron formada doldurmaq lazımdır. Sənəd həmçinin əcnəbilər üçün şəxsi məlumatları daşıyan identifikasiya kartlarının buraxılmasını, Rusiyaya daxil olmazdan əvvəl onların barmaq izlərinin götürülməsini və xarici işçiləri cəlb edən səhlənkar şəxslərin reyestrinin yaradılmasını nəzərdə tutur. Qanun layihəsində həmçinin əcnəbilərin işəgötürülmə şərtlərini əks etdirmək də təklif olunur: məsələn, bu kateqoriyadan olan işçilər üçün regionda qazancın orta səviyyəsinə uyğun əməkhaqqı məbləği, Rusiya qanunlarının pozulmasına görə ödənilməmiş cərimələrin olmaması və sair.
Miqrasiya üzrə ekspert Azər Allahverənov "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın yeni federal qanun layihəsi konsepsiyasında bir çox məsələlərin həlli öz əksini tapıb. Onun sözlərinə görə, yeni konsepsiya orada fəaliyyət göstərən vətəndaşlarımız üçün ciddi problem yaratmayacaq:
"Bildiyimiz kimi, Rusiya hökuməti ölkə ərazisində yeni qanun layihəsinin konsepsiyasını müzakirə edir. Konsepsiyaya görə, avans vergi sistemi tətbiq olunacaq. Bu da o deməkdir ki, Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxs müvafiq qaydada əmək münasibətlərini rəsmiləşdirərkən, əmək müqaviləsi bağlayarkən bu müddət ərzində hansı işlər görəcəyini və bunun müqabilində hansı məbləğdə vergi ödəyəcəyini biləcək. Bu vəziyyəti elektron patent vasitəsilə təmin etmək olacaq. Nəticə etibarı ilə, Rusiyanın müvafiq strukturları bu və ya digər əcnəbi miqrant barədə informasiyanı elektron qaydada sistem üzərində izləmək imkanına sahib olacaq.
Bu da ona gətirib çıxaracaq ki, vergi ödəməli olan şəxs dərhal sistemdə görünəcək. Sistem gördüyü təqdirdə həmin şəxsə bildiriş göndəriləcək ki, 15 gün ərzində vergisini ödəsin. Görünən odur ki, əmək fəaliyyəti ilə məşğul olan əcnəbi miqrantlar arasında vergidən yayınan şəxslərin sayı böyük ehtimalla nəzərəçarpacaq dərəcədə olduğu üçün Rusiya hökuməti bu addımı atır. Hökumət öz maraqlarından çıxış edərək əmək miqrasiya sahəsində belə bir sistemin qurulmasına can atır.
Görünən odur ki, əsas məqsəd bir növ əmək miqrasiyası sahəsində mövcud olan nizam-intizamsızlığın, sui-istifadə kimi halların aradan qaldırılmasına gətirib çıxaracaq yeni sistem qurmaqdır. Bəlli məsələdir ki, bu tək əcnəbi miqrantlar qarşısında öhdəlikləri müəyyən etməyəcək, xüsusilə əcnəbini işə götürənin də qarşısında bir sıra öhdəliklər qoyacaq.
Elektron reyestr sisteminin qurulması əcnəbilərin şəxsi məlumatlarını daşıyan faktorlardır. Nəticə etibarı ilə yeni sistemin qurulması müəyyən şəffaflığa xidmət edəcək. Ən azından vergidən yayınma kimi hallar olduqda bu sistem tez aşkar edə biləcək. İkinci tərəfdən də, əcnəbi miqrantların, eyni zamanda iş verən tərəflərin öhdəliklərinin daha şəffaf şəkildə, məsuliyyətli icra olunacaq".
Azərbaycanlıların kütləvi deportasiya məsələsinə gəlincə, ekspert hesab edir ki, bu o qədər də real görünmür:
"Hazırda pandemiya ilə əlaqədar müəyyən vətəndaşlarımız vətənə qayıdıb. Həmçinin koronavirus bir çox ölkələrdə müəyyən iş yerlərinin bağlanmasına təsir göstərib. Soydaşlarımıza gəlincə, apardığım araşdırmalar onu deməyə əsas verir ki, vətəndaşlarımız Rusiyada tam qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olublar. Hamı bilir ki, onlar ora yaxşı həyat dalınca getməyiblər. Vətəndaşlarımızın əsas məqsədi evlərinə bir tikə çörək aparmaqdır. Bu zaman soydaşlarımız daha çox qanuna uyğun davranmağa üstünlük verirlər. Yəni böyük əksəriyyəti qanuna riayət edən insanlardır. Düşünmürəm ki, bu qaydaların tətbiq edilməsi miqrantlarımızın Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmasında müəyyən problemlər yaradacaq bir hala çevriləcək".
A.Allahverənov hesab edir ki, əslində bu qanunun müsbət tərəfləri var:
"Bəzi hallarda vətəndaşlarımız əmək istismarına məruz qalırdı. Onlarla əmək müqaviləsi bağlanılırdı, müəyyən məbləğdə pullar vəd edilirdi. Amma köçürmə zamanı başqa bir vəsait alırdılar. Düşünürəm ki, bu sistem vasitəsilə belə sui-istifadə hallarına imkan verilməyəcək. Sistem özü işçiyə qarşı hər hansı qanunsuzluq baş verərsə, onu aşkar edəcək. Çünki elektron vasitəsilə bu kimin halları aşkarlamaq daha tez mümkündür".