Hətta avtomobillərini dəyər-dəyməzinə satanlar oldu
Pandemiya digər sahələrlə yanaşı ölkədə avtomobil alqı-satqısına da təsir göstərib. Ölkədə tətbiq olunan karantin tədbirləri çərçivəsində ikinci əl avtomobil bazarının fəaliyyəti dayandırılıb. Bu səbəbdən də avtomobil bazarında vəziyyət ürəkaçan deyil. Çünki ötən il ərzində və 2020-ci ilin əvvəlində ölkəyə gətirilən avtomobillərin bir çoxu satılmayıb və sahibkarlara böyük zərər dəyib.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı "Şərq"ə açıqlamasında bildirib ki, pandemiyanın vurduğu mənfi təsirdən insanların bir çoxu şəxsi avtomobillərini satmaq məcburiyyətində qalıb. O vurğulayıb ki, hətta avtomobillərini dəyər-dəyməz qiymətinə satanlar da olub:
"Pandemiya səbəbindən kütləvi olmasa da, insanların bir qismi maddi ehtiyaclarını ödəmək üçün şəxsi avtomobillərini satışa qoydu. Bu gün bizdə avtomobil bazarını alverçilər tənzimləyir.
Onlar da istədikləri vaxt qiyməti qaldırıb-endirirlər. Bir avtomobili xeyli aşağı qiymətə alıb, üzərində azacıq kosmetik işlər aparıb baha qiymətə satırlar.
Dövlətə isə heç bir vergi vermirlər. Nəticədə qazanan yalnız onlar olur. Avtomobil alverçilərini vergiyə cəlb etmək lazımdır. Avtomobil satışı ilə bağlı prosedurlar elə formada aparılmalıdır ki, insanlar aldanmasın.
Bu gün ölkəmizdə "Mercedes", "Honda", "Mitsubishi", "Niva" və "Lada" kimi avtomobillərə tələbat böyükdür".