Qanun istehlakçının tərəfindədir, siz "sahibkar"ların hay-küyünə baxmayın
Hər birimiz istehlakçı olaraq ticarət obyektlərinin vitrinlərindən asılan “alınan mallar geri qaytarılmır” sözlərini müşahidə etmişik. Mövcud qanunvericiliyə tamamilə zidd olan bu cür yanaşma sayəsində “sahibkarlar” əslində istehlakçıların hüquqlarını pozur. Bu zaman satıcılarla aldığı malı geri qaytarmaq istəyən alıcılar arasında mübahisələr baş verir. İstehlakçıların hələ də öz hüquqlarını lazımi səviyyədə bilməməsindən ticarət obyektlərində belə hallarla tez-tez qarşılaşmaq olur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, bu gün də bəzi ticarət obyektlərində "Alınan mallar geri qaytarılmır" sözləri yazılmış lövhələrə tez-tez rast gəlinir. O qeyd edib ki, bu yazılara əsasən, brend mağazalarının soyunma-geyinmə otaqlarında, regionlarda və daha çox apteklərdə rast gəlmək mümkündür:
"Təbii ki, bu, qanuna zidd şüardır. Mütləq şəkildə həmin sahibkarlar cəzalanmalıdır. Sirr deyil ki, bu gün mağazalardan alınan malların keyfiyyəti alıcıları qane etmədikdə, onda qüsurlar aşkar edildikdə həmin malları geri qaytarmaqda ciddi problemlərlə qarşılaşırlar. İstehlakçılar öz hüquqlarını lazımi səviyyədə bilmədiyindən zərər çəksə də, vəziyyətlə barışmalı olurlar. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır".
Ekspert bildirib ki, istehlakçı seçim edərkən səhv edə bilər:
"Bu hallarda qanun səhvini düzəltmək üçün istehlakçıya imkan yaradır. Lakin malı dəyişdirmək üçün qanunla alıcının da öhdəlikləri müəyyən edilib. Belə ki, dəyişdirilməsi üçün malın etiketi, yarlığı, qablaşdırılması pozulmamalı, əmtəə görünüşü qorunub saxlanılmalı, malın həmin satıcıdan alındığına dair sübutlar (kassa çeki, qəbz, zəmanət talonu və s.) olmalıdır. Bir məsələni də qeyd edim ki, Nazirlər Kabinetinin təsdiq etdiyi mallar siyahısında qaytarılmayan məhsullar da var. Məsələn, qızıl qaytarılmır, amma kitab qaytarılır. Düşünürəm ki, Nazirlər Kabineti bu siyahını mütləq dəyişməlidir".