Sumqayıt Sənaye Parkında məhsul istehsalı və ixracı kəskin artıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 2021-ci ilin ilk yarısında 794 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% çoxdur.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bununla yanaşı, cari ilin I yarısında 267,5 mln. manatlıq ixrac həyata keçirilib ki, bu da illik müqayisədə 47% çoxdur.

Bu ilin birinci yarısında Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 11,5%, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 21,8% təşkil edib.

Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Çexiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac olunub.

Qeyd edək ki, Sənaye Parkında ümumi investisiyalarının həcmi 3,2 mlrd. ABŞ dolları olan 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkının rezidentləri tərəfindən 2,9 mlrd. dollardan artıq investisiya yatırılıb. Qeydiyyata alınmış 24 rezidentdən 16-sı artıq fəaliyyətə başlayıb. Sənaye Parkında hazırda 5 500-dək insan daimi işlə təmin olunub. Ümumilikdə, indiyədək Sənaye Parkının rezidentləri tərəfindən 3,3 mlrd. manatlıq satış həyata keçirilib ki, bunun da təqribən 31%-i ixracın payına düşür.