Kitab nəşri üzərindən əlavə dəyər vergisi götürüləcək

Parlamentdə qanun layihəsi müzakirəyə çıxarılacaq

Şahbaz Xuduoğlu: "Kitab da, qəzet də cəmiyyətin mədəniyyət göstəricisidir"


Kitab nəşri üzərindən ƏDV-nin qaldırılacağı gözlənilir. “Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu “Şərq”ə açıqlamasında bununla bağlı Milli Məclisin İqtisadiyyat komitəsində qanun layihəsi hazırlandığını dedi: 

- Bu məsələ parlamentdə dəfələrlə qaldırılıb. Millət vəkilləri təklif səsləndirib. Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da həmçinin. Biz İqtisadiyyat komitəsinin sədri ilə də görüşmüşük və kitab üzərindən vergi yükünün qaldırılmasını müzakirə etmişik. İqtisadiyyat komitəsi bununla bağlı qanun layihəsi hazırlayıb. Məndə olan məlumata görə, parlamentin payız sessiyasında layihə müzakirəyə çıxarılacaq. 
Qanun layihəsində nələr nəzərdə tutulur?

Ş.Xuduoğlu qeyd etdi ki, kitaba aid hər şey nəzərə alınmalıdır. Kitab nəşri, kağız, kitab satışı, kitab məhsulları...

- Gözləyək, görək layihə  hansı formada olacaq. Bizi narahat edən əsas məsələ ƏDV-dir. Kitab nəşrinə 18 faiz əlavə dəyər vergisi müəyyən edilib. Bu, kitab nəşrinin qiymətini 20 faiz artırır. Nəşrin qiymətinin yüksək olması, o deməkdir ki, satış da bahadır. Hazırda kitab nəşri üçün gərəkən kağızın 1 tonu üçün 1500 ABŞ dolları ödəyirik. Bunun üzərində əlavə 18 faiz də var – ƏDV olaraq. Hesab edin ki, bu 18 faiz satışın da üzərinə əlavə olunur. 18 faiz olmasa, görün, kitab nəşrinin qiyməti nə qədər azalar. Kitabın da qiyməti əlçatan olar. ƏDV kitab nəşrinə böyük bir əngəldir və biz bunun qaldırılmasını istəyirik. 

Ş.Xuduoğlu bildirdi ki, qonşu Gürcüstanda kitab nəşrinə ƏDV ləğv edilib. Qardaş Türkiyədə də kitab nəşrinə ƏDV yoxdur. Qalıb bircə Azərbaycan:

- Bu, kitaba münasibətdir. ƏDV qaldırmaqla dövlət cəmiyyətə bir mesaj verir ki, kitab cəmiyyətin və mədəniyyətin bir parçası olaraq vacibdir. Yaşamalıdır, böyüməlidir. Dövlət bununla cəmiyyəti və mədəni dəyərləri üstün tutduğunu göstərir. Kitab nəşri üzərindən ƏDV qaldırılsa, bu, mütərəqqi bir addım olacaq.

Ümumiyyətlə, istər kitab, istərsə də qəzetlər, mətbuat oxu mədəniyyətini stimullaşdırır. Yazmağı, yaradıcılığı da stimullaşdırır. Yeni əsərlər yazılır, çap olunur, son zamanlar görürük ki, bu əsərlər adətən internet resurslara yerləşdirilir, onlayn oxunsun deyə. Amma kitab mağazasına gedib oradakı kitablara göz gəzdirmək, kitab almaq, bu kitabı vərəqləmək, oxumaq, tamam başqa hisslərdir.

Bu, mədəniyyət nümunəsidir. Kimsə deməsin ki, kitab ötən əsrdə qaldı, necə ki, bunu qəzetlər barədə deməyə, “sübut etməyə” çalışırlar. Faydasızdı. Kitab da, qəzet də cəmiyyətin mədəniyyət göstəricisidir. Savadlılıq göstəricisidir. Kübarlıq göstəricisidir. Bizim də istəyimiz budur ki, kitab ƏDV yükündən azad edilsin. Yükü azalsın. ƏDV altında əzilməsin. 

Çünki təhlükəli vəziyyət yaranıb. Kitab nəşri aradan çıxır. Bu gedişlə, yəni dəyişiklik olmasa tamam itib gedəcək. Kitabın cəmiyyətimizdən gedişinin qarşısı alınmalıdır.