“Amma müəyyən suallar da meydana çıxır”
“Azərbaycanda əmək bazarındakı vəziyyəti nəzərə alaraq universiteti bitirən tələbələrin kredit borcu qalacaqsa, onların işlə təminatı hansı formada olacaq?!”
“Sonradan o kreditlərin qaytarılması ilə bağlı hansı addımların atılmasına ehtiyac yaranacaq?! Çünki iş tapmayandan sonra o kreditin qaytarılması da problemə çevrilir”
“Ona görə də dünyada başqa yanaşmalar da mövcuddur və mənə elə gəlir ki, Azərbaycanda bu yanaşmaların tətbiqinə çalışmaq lazımdır”
Azərbaycanda iki təhsil səviyyəsi üzrə tədris kredit sistemi ilə təşkil olunacaq. Azərbaycanda "Təhsil haqqında" qanuna dəyişiklik edilir və qanuna yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.
Yeni kredit sisteminin təşkili ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda ölkəmizdə Azərbaycan dilində tədrisin ödənişsiz olmasına çalışmalıyıq:
“Dünyanın hər yerində ali təhsillə bağlı dövlət dilində zamanla pulsuz ali təhsil konsepsiyası keçirilir. Vətəndaşların, hansıların ki, maddi imkanları yoxdur, amma bilik və bacarıqları var, onlar ali təhsil almaq hüququndan məhrum edilməməlidir. Təbii ki, təhsilin səviyyəsinin yüksəldilməsi də əsas şərtlərdən biridir. Kredit sisteminin tətbiqi tələbələr və valideynlərin maliyyə yükünü azalda bilər. Amma müəyyən suallar da meydana çıxır. Azərbaycanda əmək bazarındakı vəziyyəti nəzərə alaraq universiteti bitirən tələbələrin kredit borcu qalacaqsa, onların işlə təminatı hansı formada olacaq?! Sonradan o kreditlərin qaytarılması ilə bağlı hansı addımların atılmasına ehtiyac yaranacaq?! Çünki iş tapmayandan sonra o kreditin qaytarılması da problemə çevrilir. Ona görə də dünyada başqa yanaşmalar da mövcuddur və mənə elə gəlir ki, Azərbaycanda bu yanaşmaların tətbiqinə çalışmaq lazımdır”.
N.Cəfərli vurğulayıb ki, dünyada bir çox ölkələrdə böyük şirkətlər, korporasiyalar, firmalar ali təhsil alan tələbələrin sözün yaxşı mənasında “ovuna çıxırlar”:
"Potensialı yüksək, amma maddi durumu yaxşı olmayan tələbələrə maddi dəstək göstərir, təhsil haqlarını ödəyirlər. Bir şərtlə ki, təhsili bitirdikdən sonra həmin şirkətlərdə çalışsınlar. Bu, həm də iş yeri probleminin həllinə yardımçı olur”.
N.Cəfərli həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda təəssüf ki, təhsillə istehsal, iqtisadiyyat körpü kimi bir-birinə bağlı deyil:
“Yəni əmək bazarı ilə təhsil sahəsinin birbaşa əlaqəsi yoxdur. Əsas problemlərdən biri də məhz bu çatışmazlığı aradan qaldırmaq, sahə üzrə körpünün yaradılmasında dövlət əlindən gələn yardımları etməlidir. Yeni bəndin əlavə edilməsi o zaman düşünülmüş addım olacaq ki, valideynlərin də maddi yükü azalacaq. Kreditlə təhsil alan tələbələr sonradan iş yeri tapmaqda problem yaşamamalıdır. Əgər birbaşa iqtisadiyyata inteqrasiya olunmuş təhsil sistemi yarada bilsək, gələcəkdə bunun bəhrəsini görə bilərik”.