Azərbaycan nefti bahalaşıb! - Qiymətlər hansı həddə qədər yüksələcək? - İZAH 

Azərbaycan nefti bahalaşıb. “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,21 ABŞ dolları və ya 2,61 faiz artıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 86,88 ABŞ dolları təşkil edib. Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.Gün keçdikcə qiymət artımı hər sahədə özünü göstərir. Bahalaşma Azərbaycan neftindən də yan keçmədi. Ümumiyyətlə, bütün dünyada müşahidə olunur.

Neftin bahalaşması nə vaxta qədər davam edə  bilər?

Mövzu ilə bağlı “Sherg.az”a danışan Neft Araşdırmalar Fondunun rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, Azərbaycan nefti “Brent” markalı neftlə əlaqəlidir:

“Hazırda dünya bazarlarında neftin qiyməti ən yüksək həddindədir. "Brent" markalı neft bu gün ilk dəfə olaraq 84 dolları aşdı. Azərbaycan nefti  "Brent"ə bağlı olduğundan və dünya birjalarında qiyməti müəyyənləşdirilmədiyindən dünya bazarında neftin qiymətindən söhbət açarkən məhz həmin markalı neftə üzümüzü tuturuq”.

Ekspert neftin qiymətinin artıran amillərə diqqət çəkib:

“Bahalaşma iki məsələdən qaynaqlanır. Birincisi, qazın qiymətləri Avropa bazarında xeyli yüksəkdir. Qaz fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1000 dollardan baha qiymətə ticarət edilir. Hesab edirəm ki, bu həftə ərzində hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq 1200-1300 dollara qədər bahalaşma mümkündür. Qazın qiymətinin yüksək olması məhz neftin qiymətinin qızışıdırıcı faktoru olub. İkinci bir fakt ondan qaynaqlanır ki, Qərblə Rusiya arasında siyasi münasibətlər kifayət qədər gərgindir. Bu risk dərəcəsi kimi özünü neftin qiymətlərində tapır.

İqtisadçı bizə təsir edən amillərdən birinin  ABŞ-la bağlı olduğunu vurğulayıb:

“Həftəlik neft ehtiyyatlarının bundan öncə 6 həftə ard-arda azalması kimi faktorlar  neftlə ticarət edən dairələrin daim ehtiyyatlı davranmasına səbəb olub. Qiymət də ona görə bu qədər yüksəkdir”.

İ.Şaban bahalaşmanın hansı həddə qədər gedəcəyinin bilinmədiyini vurğulayıb:

 “Əvvəlcədən heç nə demək olmur. Sadəcə, ortada siyasi və hərbi risklər var. Məsələn, Rusiya və Ukrayna arasında hərbi münaqişə yaranarsa, enerji daşıyıcılarının qiymətində dəyişiklik labüddür. Bu cür məsələləri qeyd edəndə gözlənilən və gözlənilməyən olaraq  müəyyənləşdirməliyik”.

Cəmilə ƏZİM