Qarabağ Zəfəri iqtisadi inkişafa can verdi


Zəngəzur dəhlizi qlobal müstəvidə Azərbaycanın və Türkiyənin mövqeyini daha da möhkəmləndirəcək

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

   44 günlük müharibədə qazandığımız böyük qələbə həqiqətən də regionda yeni reallıqlar yaradıb, yeni əməkdaşlıq imkanlarına yol açıb. Bu imkanlardan biri də bölgə ölkələrinin bir-biri ilə əlaqələrini, əməkdaşlığını genişləndirəcək yeni nəqliyyat dəhlizinin – Zəngəzur dəhlizinin açılmasının nəzərdə tutulmasıdır. Zəngəzur dəhlizinin açılmasından Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Ermənistan, həmçinin Gürcüstan iqtisadiyyatı da yeni imkanlar əldə etmiş olacaq. Dəhlizin açılması Azərbaycanın digər bölgələrini quru yollar vasitəsilə Naxçıvana birləşdirəcək. Naxçıvan blokadadan çıxacaq və Azərbaycanın əsas hissəsindən Türkiyəyə birbaşa yolumuz açılmış olacaq. Mərkəzi Asiya ölkələrinin də yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də, Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eləcə də Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradacaq. Yaxın dövrə nəzər salsaq, Süveyş kanalında “Evergreen” gəmisinin qəzaya uğraması gün ərzində 9.6 milyard dollar zərərə səbəb olub. Ümumilikdə dünya ticarətinin təqribən 12 faizinin bu kanal vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, Zəngəzur dəhlizi ilə Azərbaycanın Avrasiyanın nəqliyyat infrastrukturunda iqtisadi əhəmiyyətini görə bilərik. Türkiyə ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin də yeni nəqliyyat dəhlizlərindən, o cümlədən Azərbaycanın tranzit imkanlarından istifadədə marağı böyükdür. Zəngəzur dəhlizi ilə bağlı digər bir qeyd olunması vacib olan məqamlardan biri də Aşqabad müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər yaratmasıdır. Məlumdur ki, Aşqabad müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Qarabağ regionunun iqtisadi potensialının artırılmasında xüsusi rol oynaya bilər. Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstan, qonşu ölkələr olan Türkiyə, Rusiya və İran “3+3” formatda geosiyasi əməkdaşlıq edərək kommunikasiya xətlərinin yenidən bərpa edilməsi ilə beynəlxalq tranzit daşımalarda yeni iqtisadi ağırlıq mərkəzi yarada bilər. Əlbəttə ki, bu əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin siyasi və iqtisadi önəmi danılmazdır. Regionda digər həyata keçirilməsi nəzərdə tutulan layihələri dəyərləndirdikdə Zəngəzur dəhlizi region ölkələrinə daha ucuz alternativ olaraq çıxış edir. Uzun illərdir, beynəlxalq maliyyə institutları, xarici dövlətlər, hətta, Ermənistan dövləti belə İran və Ermənistandan keçməsi nəzərdə tutulan və 3.5 milyard ABŞ dolları dəyərində olan yeni dəmir yolu xəttinin maliyyələşdirilməsinə nail ola bilməyiblər. Belə qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinin yaradılması ilə formalaşan yeni iqtisadi konyuktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq. Zəngəzur dəhlizinin bir parçası olacaq həm dəmir yolunun həm də avtomobil yolunun inşasına dair işlər davam etməkdədir. Cari ildə Zəngəzur dəhlizi ilə bağlı işlərin daha intensiv hal alacağı, ciddi addımların atılacağı ehtimal olunur. 

Şanxay Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun da deyib ki, Zəngəzur dəhlizi qlobal müstəvidə Türkiyə və Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra bir çox sahədə artan əməkdaşlıq, müstəqillik dövründə böyük bir inkişaf yolu keçdi və İkinci Qarabağ müharibəsində özünü tam koordinasiyalı şəkildə göstərdi: 

“Həm diplomatiya, həm hərbi sahədə iki dövlətin ciddi bir uğur əldə etdiyini bariz şəkildə bütün dünya gördü. Bu səbəbdən İkinci Qarabağ müharibəsinin nəticələri - istər Zəngəzur dəhlizi, istərsə də digər nəticələri bundan sonra gələcəyə doğru atılacaq addımlarda çox vacib bir təməl rolu oynayır. Bizim 100 illik bir ayrılığa son verməyimiz üçün, Türkiyənin Naxçıvan üzərindən Azərbaycanla bağlana bilməsi üçün Zəngəzur dəhlizi çox önəmli bir strateji amildir.” S.Yeniacun vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə dünyada ən böyük ticarət dəhlizi - Çindən başlayaraq, Xəzəri, Zəngəzur dəhlizini keçərək, Türkiyəyə və oradan da Şərqi Aralıq dənizi, Avropa, Şimali Avropa kimi marşrutlara ötürülə biləcək bir xətt qurula bilər: “Bu da Türkiyə və Azərbaycan əməkdaşlığını iqtisadi və strateji cəhətdən çox fərqli bir mərhələyə, qlobal aspektdən də iki ölkənin mövqeyini daha da gücləndirəcək müstəviyə daşıya biləcək. Hazırda Ermənistanın bu dəhlizin açılmaması üçün dirəniş göstərməsinin səbəbi də budur”. 
Zəngəzur dəhlizinin önəmindən “Şərq”ə danışan millət vəkili Azər Badamov deyib ki, torpaqlarımızı işğaldan azad etməklə yaratdığımız yeni reallığa uyğun regionda uzunmüddətli sülhün və əməkdaşlığın əldə olunması üçün bir çox məsələlər öz həllini tapmalıdır. Deputatın sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatlarda sərhədlərin delimitasiya-demarkasiyası, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəzərdə tutulub: “2021-ci ildə əldə olunmuş razılaşmalar və gündəmə gəlmiş əməkdaşlıq platformaların yaradılması istiqamətində görülən işlər 2022-ci ildə münasibətlərin daha müsbətə doğru inkişaf edəcəyi haqqında proqnozlar verməyimizə  imkan verir. 2022-ci ildə reallaşmasının başlanılmasına gözlənilən məsələlərdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəinki Azərbaycan və Türkiyə üçün, həm də region ölkələri və digər ölkələr üçün əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin tərkib hissəsi olan və Azərbaycanın ərazisindən keçən layihələrin icrasına keçən ildən artıq başlanılıb. Dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin açılmasının 2023-ci ildə başa çatdırılmasına İrəvan öhdəlik götürüb. Düşünürəm ki, həmin öhdəliyə əsasən, 2022-ci ildə Ermənistan dəhlizin öz ərazisindən keçən hissəsinin tikintisinə start verəcək. Erməni mətbuatından göründüyü kimi Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsinin iqtisadi dəyərləndirilməsi aparılıb. Bu o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizinin tikintisinə və bərpasına start verilməsinə hazırlaşır. Ümid edirik ki, razılaşdırıldığı kimi 2023-cü ilin sonuna qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək”.