Məhsuldarlıq artsa qiymətə də təsir edəcək

Qarabağda taxıl və buğda yetişdirmək üçün geniş imkanlar var

Növbəti illərdə Azərbaycan taxıla olan tələbatın önəmli hissəsini yerli imkanlar hesabına ödəyə biləcək

   Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsindən də danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Ölkə rəhbəri xatırladıb ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi. Həmçinin, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır. Prezident eyni zamanda, uzun illər ərzində torpaqlarımızla yanaşı, çaylarımızın da işğal altında olduğunu diqqətə çatdırıb. 

Bu məqamların işimizi çətinləşdirdiyini bəyan edib. Dövlət başçısı bir çox kənd təsərrüfatı və heyvandarlıq məhsulları ilə daxili tələbatın 70-100 faiz ödəndiyini vurğulasa da, buğda təminatında çatışmazlıq olduğunu qeyd edib: “Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”. 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə isə deyib ki, Azərbaycan taxıl tələbatını region ölkələrinin torpaq resursları hesabına ödəyə bilər. Onun sözlərinə görə, Azərbaycanda aqrar şirkətlərin təcrübəsi və biznes imkanları ölkənin kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının digər region ölkələrinin torpaq resurslarının hesabına ödəməsinə imkan verir. Qeyd edək ki, söhbət digər ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirərək Azərbaycana gətirməkdən gedir. Mərkəzin direktorunun sözlərinə görə, region ölkələrinin çoxunda torpaqlarla təminat göstəricisi, torpaq resursları məhdud olan Azərbaycandan daha yaxşıdır: “Bununla bağlı ilkin təcrübələr mövcuddur. Bizim iri sahibkarların Rusiyada, Ukraynada, Qazaxıstanda müxtəlif kənd təsərrüfatı layihələrində – həm taxılçılıq, həm istixana sektorunda iştirak təcrübələri var. Bu, bizim taxıl təminatımızda da müsbət məqam kimi çıxış edir”. 

Qaldırılan problemlə bağlı “Şərq”ə danışan millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, buğdaya olan tələbatın əsas hissəsinin yerli istehsal hesabına ödənilməsi Azərbaycan üçün prioritetdir. Deputatın sözlərinə görə, Azərbaycan taxıl istehsalına və çörək istehlakına xüsusi önəm verən ölkələrdən sayılır: 

“Çörək Azərbaycan mətbəxində gündəlik tələb olunan qidadır. Taxıla olan daxili tələbin ödənilməsi həm də çörəyin qiymətinin tənzimlənməsi baxımından vacib hesab olunur. Xarici bazar faktorlarının qiymətlərə təsirinin minimuma endirilməsi üçün yerli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir. Azərbaycan bu sahədə ciddi potensiala sahibdir. Xüsusən, işğaldan azad edilmiş ərazilərimizdə taxıl və buğda yetişdirilməsi üçün böyük imkanlar var. Rayonlarımızın bir qismi əvvəlki dövrlərdə buğda istehsalına görə respublikada qabaqcıl yerləri tuturdular. Füzuli və Ağdam rayonları bu sahədə daha çox ixtisaslaşmışdı. Cənab Prezidentin vurğuladığı kimi məhsuldarlığın artırılması taxıl istehsalına birbaşa təsir göstərəcək. Digər istiqamətdə isə işğaldan azad edilmiş ərazilərimizdə taxılçılığın inkişafı daxili istehsalın artmasına imkan verəcək. Növbəti illərdə Azərbaycan taxıla olan tələbatın önəmli hissəsini yerli imkanlar hesabına ödəyə biləcək. Bütövlükdə istehsalın 85 faizdən çoxunun daxili məhsullar hesabına ödənilməsinə nail olsaq, xarici bazarlardan və xarici qiymət faktorundan asılılığı kəskin şəkildə azaldarıq”.