Son günlər evlərə tələbat yüksəlir


Köhnə tikililərin sökülməsi də əmlak və mənzil bazarına təsir edən amillərdəndir

Bakıda ötən ay kirayə mənzillərin qiymətində bahalaşma qeydə alınıb. “MBA Consulting Group” şirkətindən Trend-ə verilən məlumata görə, yanvar ayında kirayə mənzillərin orta qiymətində 7,93 faiz artım müşahidə olunub. Ucuz kirayə evlərinin qiyməti 414 manat, orta evlərin qiyməti 708 manat, bahalı evlərin qiyməti isə 1483 manat təşkil edib. Fərdi yaşayış və bağ evlərinin qiymətində isə yanvar ayında 4,22 faiz ucuzlaşma müşahidə olunub. Qiymət azalması qış mövsümü ilə əlaqədar bu evlərə tələbatın azalmasıdır. 

Maraqlıdır ki, niyə məhz yanvar ayında kirayə mənzil bazarında qiymət artımı müşahidə edilir. Adətən payız mövsümündə, yeni tədris ili öncəsi kirayə mənzil bazarında qiymətlər qalxır.  Yanvar ayında qiymət artımı ölkədəki ümumi qiymət artımı ilə bağlıdır, yoxsa başqa səbəblər var?

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, kirayə mənzil bazarında müşahidə edilən qiymət artımının bir neçə səbəbi var: 

- Açığını deyim, əsas səbəb daşınmaz əmlak və mənzil bazarındakı qiymət artımıdır. Bu da ümumi qiymət artımı ilə bağlıdır. Qiymət artımı bütün istiqamətlərdə, o cümlədən daşınmaz əmlak və mənzil bazarına da təsirini göstərir. Başqa səbəb şəhərsalma prosesinin sürətlə irəliləməsidir. Paytaxtda 1-2 mərtəbəli, köhnə tikililərin söküntüsü gedir. Bu da tələbatı artırır, nəticədə təklif portfelində qiymətlər qalxır. Söküntüsü aparılan evlərdə yaşayanlar mənzil axtarışına çıxır, bəzisi müvəqqəti, bəzisi daimi. Üstəlik, o mənzillərdə, ünvanlarda çoxsaylı kirayənişinlər də qalır. Onlar da mənzil axtarmaq məcburiyyətində qalır. Bununla da tələbat yüksəlir, təklif tələbatı ödəmir deyə, qiymət artımı baş verir.