Uçotun aparılması yaxşı haldır, gərək işin nəticəsi də olsun
"Ümid edək ki, evə ehtiyacı olan şəxslərin siyahıları icra hakimiyyəti orqanlarının rəflərində saxlanmayacaq"
Azərbaycanda yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahıları dərc ediləcək. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) həvalə olunub.
Tədbirlər Planına əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçota alınması ilə bağlı dövlət xidmətləri elektronlaşdırılmalı, mənzilə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahıları rəsmi internet saytında dərc edilməlidir.
Son illər ölkədə həyata keçirilən sosial mənzil siyasətinin effektivliyinə toxunan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının “Şərq”ə açıqlamasında deyib ki, sözügedən qərar da sadəcə mənzilə ehtiyacı olan şəxsləri siyahıya almaq və ya bu şəxslərin sayını müəyyənləşdirmək üçün verilməyib:
“Azərbaycan hökumətinin əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində atdığı addımlar, qəbul etdiyi qərarlar, həyata keçirdiyi proqramlar bazar iqtisadiyyatında formalaşmış bir ölkə üçün kifayət qədər mütərəqqi addımlardır. Hökumət üçün prioritet hesab olunan bu məsələnin həlli istiqamətində real addımlar da atılıb. Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların hər birinin yaşayış sahəsi ilə təmin edilməsi də bunun göstəricisidir. Bununla belə apardığımız araşdırmalara istinadən deyə bilərəm ki, adambaşına düşən mənzil və birgə təsərrüfatların təminatı heç də ürəkaçan deyil. Üç təsərrüfatdan biri mənzilsizlik problemi yaşayır.
Ona görə, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçotunun aparılması və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması məsələsinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapmasını müsbət hal kimi dəyərləndirirəm. Ümid edirəm ki, evə, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin, təklif edilən mənzil fondunun siyahıları hazırlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanlarının rəflərində saxlanılmayacaq və real addımların şahidi olacağıq”.
R.Osmanlı qeyd edib ki, bir çox hallarda həyata keçirilən tədbirlər gözləntiləri doğrultmur, kimlərsə hökumətin atdığı addımlardan şəxsi maraqları üçün istifadə edir.
Güzəştli mənzillərin onlayn satışının yekunu ilə bağlı gedən müzakirələr göz önündədir. Bu satışlar ölkə miqyasında narazılıq doğurdu. Bütün bunlar fonunda yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının dərc edilməsində şəffaflığa necə nail olunacaq?
R.Osmanlı bu məsələyə də aydınlıq gətirib:
- Bu, daha çox insan amilinə bağlı olsa da, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”da bu istiqamətdə bir sıra məqamlar qeyd olunub. Əsas məsələ bu işin hansı formada görülməsindən ibarət olacaq.