Rublun bahalaşması ilə bağlı Rusiya tərəfinin açıqlaması həqiqəti əks etdirmir
Rusiya rublu sürətlə bahalaşmağa davam edir. Moskva birjasından verilən məlumata görə, dünən hərracların açılışında ABŞ dolları 75,5 rubla qədər ucuzlaşıb.
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Şərq”ə açıqlamasında real mənzərənin tamam fərqli olduğunu deyib. Ekspertin sözlərinə görə, Rusiya Mərkəzi Bankının rublun son günlər dollar qarşısında dəyər qazandığı haqda məlumatları həqiqəti əks etdirmir:
"Rusiya MB-nin rəsmi məzənnəsi inzibati məzənnədir, bazarı əks etdirmir, müxtəlif məhdudiyyətlərə və biznesin üzərinə qoyulmuş məcburi öhdəliklərə görədir. Reallıq isə rubl xarici valyutalar qarşısında günü-gündən dəyərsizləşir. Məhz bu səbəbdən Rusiya Mərkəzi Bankı ölkə vətəndaşlarının dollar almasını maksimum dərəcədə məhdudlaşdırıb. Demək olar ki, Rusiyada dollar rubl ticarəti, valyutaların satışı normal həyata keçirilmir.
Dollar almaq istəyən şəxslər əlavə olaraq 12 faiz vergi ödəməlidir. Buna görə də ölkədə dollara tələbat çox deyil. Kimsə məcbur qalmadıqca aldığı 100 dollara görə 12 dollar ödəmək istəmir. Xatırlayırsınızsa, müharibədən 2 gün sonra qərar verildi ki, dollar əməliyyatları olan Rusiya şirkətləri valyuta dövriyələrini məcburi şəkildə Mərkəzi Banka satmalıdırlar. Fiziki şəxslərə dollar satışı qadağan edilib. Hansısa bir vətəndaş bankdan dollar almaq üçün şəxsi hesab açmalı və hesabına rubl qoymalıdır. Banklar isə həmin məbləği cari satış məzənnəsindən 15-20 faiz daha bahasına əvəzləşdirir. Hüquqi şəxslər isə əksinə, əllərində, dövriyələrində olan valyutanın 80 faizini Mərkəzi Banka satmaq məcburiyyətindədirlər.
Bu məhdudiyyətlər nəticəsində Rusiya Mərkəzi Bankının inzibati məzənnəsi yüksəlir və bunu dünyaya rublun bahalaşması kimi təqdim edirlər. Halbuki, bu, Rusiya şirkətləri üçün ciddi problemdir. Xarici əlaqələri olan şirkətlər artıq bu qərara narazılıq etməyə başlayıblar".
Rusiya rublunun real məzənnəsinin “qara bazar” məzənnəsi olduğunu vurğulayan iqtisadçı deyib ki, ölkədə “qara bazar”ın ciddi problemə çevrilməsi rəsmilər tərəfindən də etiraf olunur: “2 gün əvvəl Rusiyanın Vergilər Nazirliyi “ qara bazar”a qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı sərt bəyənat verdi.
Real məzənnə “qara bazar"dadır, orada isə xarici valyutanın məzənnəsi şəhərdən-şəhərə fərqlənir. Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə dollar bolluğu olduğu üçün nisbətən ucuza 1 dolları 90 rubla almaq olur, lakin Ural və Uzaq Şərq bölgələrində bir dolları 120 rubldan aşağısına satmırlar. Və nəzərinizə çatdırım ki, tarix boyu “qara valyuta bazarı” olan ölkələrin sonu heç vaxt yaxşı olmur. Bütün ölkələrin iqtisadiyyatı üçün “qara bazar” çox ciddi problemdir”.
Rublun bahalaşmasının manatın məzənnəsinə necə təsir göstərəcəyinə gəldikdə isə ekspert heç bir təsiri olmadığını deyib: “Azərbaycan manatı inzibati qaydada tənzimlənən sabit məzənnə rejimindədir. Üstəlik, neft qiymətlərinin indiki səviyyəsində manata hansısa təhlükələrin olması, hansısa devalvasiya riskinin olması real deyil”.