Azad bazar yoxdur

Niyə rayonlardan meyvə-tərəvəz daşıyan bütün maşınlar meyvə bazarına daxil olub, çıxmalıdır

İnhisarçılıq səbəbindən hər gün, hər saat pomidor, kartof, soğanın qiyməti bahalaşır

"Azərbaycan pomidor bazarında tələb təklifi üstələyir, çünki bu məhsulun istehsalı üzrə hazırda qıtlıq müşahidə olunur". Bunu “Report”a "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib. Onun sözlərinə görə, pomidorun yetişməsi 7-8 həftəyə başa gəlir: “7-8 həftə bundan əvvəl qışın ən soyuq günləri idi. Ona görə pomidorun yetişmə prosesi zəif sürətlə gedirdi. Bu səbəbdən pomidor istehsalında aprel ayında məhsuldarlıq azdır. Lakin bir həftədən sonra vəziyyət dəyişəcək, pomidor yetişir, istehsal həcmi artır”. 

 B.Quliyev əlavə edib ki, sahə pomidorları ölkənin həm cənub rayonlarında, həm də Xaçmaz zonasında iyul ayında bazara çıxmağa başlayır. “Hazırda istehsalçılarda böyük həcmdə pomidor ehtiyatı yoxdur. Bu səbəbdən qiymətlər artır. Ümumiyyətlə, martın sonu aprel ayı ərzində pomidorun ən baha qiymətə satılan vaxtıdır. Hesab edirəm ki, bir həftəyə qiymətlər enəcək. Tendensiyaya baxsaq, 10 il bundan əvvəl qışda pomidorun 1 kq-ı 8 manat idi, həm qış fəslində camaat pomidor yemirdi. Bu məhsul ancaq toylarda, ad günlərində istifadə olunurdu. İstixana şəraitində pomidorun yetişdirilməsi genişlənəndən sonra artıq Azərbaycan istehlakçısı üçün qışda pomidor qismən aşağı qiymətə 3,5 manata təklif edildi. 

Qış ayında bu qiymətə pomidor almaq böyük irəliləyişdir. Bir neçə il bundan əvvəl 5-6 manat 8 ABŞ dolları demək idi, hazırda isə 3 manat 2 ABŞ dollarından azdır. Bu deməkdir ki, 10 il ərzində pomidorun qiyməti təqribən 4 dəfə azalıb. Bu gün istixana şəraitində pomidorun yetişdirilməsində aşağı likvidlilik səviyyəsində olan qiymətlərdir. Yəni, pomidorun qış ayında satış qiyməti bir-iki manat ola bilməz. Pomidor qış aylarında iki manata satılsa, bu onun qazdan istifadəni, işçilərin maaşını, gübrənin, toxumun qiymətini ödəməyəcək”. B.Quliyev  dünya bazarlarında gübrənin 3 dəfə bahalaşdığını deyib: “Rusiya gübrə ixracına qadağa qoyub. Bu isə dünya bazarlarında gübrənin bahalaşmasına səbəb olub. İstixana şəraitində istifadə edilən damlama gübrələri Azərbaycana artıq Rusiyadan yox, Avropadan, Çilidən, İsraildən gəlir. Bu il "SOCAR Karbamid" tərəfindən yerli bazara daha ucuz qiymətə karbamid təklif edib. “SOCAR Karbamid" karbamidi ötən il hansı qiymətə yerli bazarda satmışdısa, bu il də həmin qiymətə satıb. Buna görə dünya bazarlarında gübrənin qiymətinin artması ölkə bazarına böyük təsir göstərməyəcək”. B.Quliyev əlavə edib ki, hazırda dünya bazarlarında toxum da bahalaşıb. İstixana sektorunda istifadə olunan toxumların 99  faizi xaricdən gəlir. Toxumçuluğun inkişafı üçün 10 ilə yaxın müddət lazımdır. 3-4 ildir ki, Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə məşğuldur, ona görə daxili tələbatın böyük hissəsi xarici toxum hesabına qarşılanır”.

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bahalaşma ilə bağlı hər il eyni bəhanələrin səsləndiyini bildirdi: 

- Biz hər il eyni açıqlamaları, eyni səbəbləri, əslində isə yalnız bəhanələri eşidirik. Deyilənlər ancaq bəhanədir. BMT-nin son 10 illik ərzaq proqramına nəzər yetirsəydilər, görərdilər ki, orada dünya üzrə ərzağın bahalaşması hansı şəkildə proqnozlaşdırılır, hansı faktlar açıqlanır. Yəni biz 10 il əvvəldən buna hazır olmalıydıq, hazırlaşmalıydıq. Amma indi deyirlər ki, toxumçuluğun inkişafı üçün 10 il lazımdı, Kənd Təsərrüfatı Nazirliyi 3-4 ildir bu işlərlə məşğuldur. Bəs dünənədək hansı işlə məşğul olurdular? Dünyada sürətli bahalaşma gedir, bizimkilərsə hələ indi-indi nəsə etməyə hazırlaşırlar. 

Hər il pomidor gündəmə gəlir, gah kartof tapılmır, gah soğan. Soğanın kiloqramı az qala 2 manata qalxdı bu il. Sizi inandırıram, növbəti il də belə olacaq. 

Çıxıb deyəcəklər ki, qış aylarında məhsuldarlıq aşağı düşüb, tərəvəz  yetişmir, toxumu xaricdən alırıq, gübrəni xaricdən alırıq, bir sürü bəhanə. Cənab Prezident idxaldan asılılığın azaldılmasının vacibliyini dəfələrlə vurğulayır. Büdcədən vəsait ayrılır. Daha nə deməlidir ki, məmurlar tərpənsin, əməli işlə məşğul olsunlar?! Elə etmək lazımdır ki, problem olmasın. Amma ancaq problemdən danışırlar. Problemi mən də görürəm, siz də. Bəs bunun həll yolu yoxdur? Əlbəttə var. Bunun üçün də gərək hər sahədə o sahənin mütəxəssisi işləsin. İşi bilmirlərsə, çəkilsinlər kənara, işi bilən gəlsin. 30 ildir müstəqilik, hələ də idxal asılılığını həll edə bilməmişik. Bu, bacarıqsızlıqdı, idarəçilik qabiliyyətinin, menecmentlik institutunun olmamasıdır.
 
F.İbrahimov qeyd etdi ki, əgər meyvə-tərəvəzin bazara sərbəst girişi təmin edilsə, qiymət bahalaşmasının qarşısı alınar: 

- Belə qayda qoyulub ki, meyvə-tərəvəz daşıyan avtomobillərin hamısı mütləq meyvə bazarına daxil olub, çıxmalıdır. Orda fermerin məhsulunu əlindən alıb özünü yola salırlar. Sonra da meyvə-tərəvəzi özləri bazara çıxarırlar. Onsuz da bizdə azad bazar yoxdur. 

Amma yük maşınlarının sərbəst hərəkətinə, həyətlərdə, müxtəlif ərazilərdə rahat alış-verişə icazə verilsə, sizi inandırıram, istehlakçı səbətinə ucuz meyvə-tərəvəz daxil olacaq. Nə bunu edirlər, nə də bazara nəzarət edilir. Ona görə də qiymətlər istədiyi kimi qalxır, enir.