Tahir Kərimlinin təklifinə sərt təpki:“Boş-boş populizmlə məşğuldular"

Milli Məclisin bugünkü iclasında parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli banklarda kredit borclarının silinməsi ilə bağlı təklif irəli sürüb.  Onun sözlərinə görə, bank borcları, faizləri bu gün əsas problemdir. Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin.

Deputatın fikrincə, yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir:
“Camaat qazandığının hamısını borca verir. Biz Mərkəzi Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, biz kredit faizlərinə 5-6 faiz limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar təsdiqləsin”

"Sherg.az"a parlamentarinin təklifinə münasibət bildirən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənovun qənaətincə, Tahir Kərimli sadəcə populizmlə məşğuldur:

"Xalq arasında ucuz şöhrət qazanmaqdan ötrü fikirlər səsləndirir. Çünki Azərbaycanda bazar iqtisadiyyatı mövcuddur. Tahir Kərimli  dövlət müstəqillik aktına 1991-ci ildə  səs verən şəxslərdən biridir.  Həmin aktda yazılıb ki, ölkəmizdə bazar iqtisadiyyatı var. Yəni faizləri kiminsə göstərişi deyil, bazar özü müəyyənləşdirir. Dövlət orqanları, parlament yalnız faiz dərəcəsinin aydınlaşmasına təsir göstərə bilər.   Təəssüf, parlamentarilər birbaşa işləri ilə məşğul deyillər. Təsir imkanlarından yararlanmırlar, boş-boş populizmlə məşğuldular".

Ə.Həsənov Azərbaycanda kredit faizlərinin yüksəkliyini səbəbini açıqlayıb:

"Parlamentin səbəbləri aradan qaldırmağa xeyli cəhd göstərməsi mümkündür. Birincisi, banklar  pullarını kredit vermirlər. Başqalarından aldıqlarını kredit verirlər. İlk mənbəyi də əmanətlərdir.  Azərbaycanda əmanət faizi 12 faizdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qanuna görə müəyyən edir.  Qanunu da deputatlar müəyyənləşdirir. 12 faiz çoxdur. 12 faizlə əmanət götürən bank , necə ucuz kredit versin? Üzərinə əməkhaqqı və s. kimi xərclər gəlir. Parlament əmanət üzrə faizi endirməlidir.

 İkincisi, uçot dərəcəsi ilə bağlı qərar  Azərbaycan Mərkəzi Bankının ( AMB ) səlahiyyətindədir, amma həmin dərəcəylə  bütün banklara kredit vermir, ona görə də faizlər düşmür. AMB kreditlərini hərrac vasitəsilə ödəməlidir. Gərək, parlament AMB haqqında qanunda  birbaşa yazsın. Tahir Kərimli qanunvericilik təşəbbüsünü diqqətə çatdırsın.

Üçüncüsü, Azərbaycanda kredit riskləri yüksəkdir. Yəni  kreditlər qaytarılmayanda bankların itkiləri, yaxud onların geri dönməsi üçün bankın vəkilə, məhkəməyə, icra məmuruna və s. verdikləri rüşvətdir. Banklar da Azərbaycanda ağıllı - başlı məhkəmə sisteminin olmadığını bilir. Korrupsiyadır. Parlament elə qanunlar  qəbul etsin ki, əsasında normal məhkəmə sistemi qurulsun. Azərbaycanda Ali məhkəmə, Appelyasiya məhkəmələrinin hakimlərini parlament təyin edir. Belə hakimlər qoymasın, dəyişsin, çıxarsın.  Korrupsiyanın qarşısını almaq üçün dövlət məmurlarını,  o cümlədən hakimləri gəlir və xərclərini bəyan etməsi haqda qanun qəbul etsin. Bu yollarla faiz dərəcələrinə təsiri mümkündür. Deputalar birbaşa  vəzifələri ilə deyil, boş boş populizmlə məşğuldular".